Ukraynada mədəniyyətimizi təbliğ edən “Qafqaz” rəqs ansamblının kollektivi təltif olunub

Ukraynada mədəniyyətimizi təbliğ edən “Qafqaz” rəqs ansamblının kollektivi təltif olunub
29 aprel Beynəlxalq Rəqs Günü münasibətilə vətənpərvər diaspor üzvü, tanınmış rəqqas Nicat Mirzəyevin rəhbəri olduğu “Qafqaz” rəqs ansamblı Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə tərəfindən Fəxri Fərmanla təltif olunub. Kollektiv 10 il ərzində Nicat Mirzəyevin rəhbərliyi ilə Azərbaycan mədəniyyətini Ukraynada aktiv təbliğ etdiyinə görə bu mükafata layiq görülüb.
Qeyd edək ki, “Qafqaz” rəqs ansamblı Ukraynada Qafqaz folklorunun, o cümlədən Azərbaycan folkloru və mədəniyyətinin əsas təbliğatçılarındandır. Məhz bu əməyinə görə “Qafqaz” rəqs ansamblı 2018-ci ildə Ukrayna xalq kollektivi ansamblı adına layiq görülüb. Bu ad “Qafqaz” rəqs ansamblına Ukrayna Mədəniyyət Nazirliyi tərəfindən verilib.
Ukraynada mədəniyyətimizi təbliğ edən “Qafqaz” rəqs ansamblının kollektivi təltif olunub
Xatırladaq ki, Nicat Mirzəyev Ağcabədi rayonunda anadan olub. 24 ildən artıqdır ki, Ukraynada yaşayır. O, 2006-cı ildə Qafqaz Rəqsləri məktəbini yaradaraq peşəkar şəkildə Ukraynada rəqs dərslərini yüksək səviyyədə tədris edir. Qafqaz Rəqsləri məktəbi beynəlmiləldir. Burada ukraynalılar, azərbaycanlılar, dağıstanlılar, çeçenlər, osetinlər, qaraçay-çərkəzlər, türkmənlər, yəhudilər və başqa xalqların nümayəndələri rəqs dərsləri alır. Nicat Mirzəyev 2011-ci ildə isə “Qafqaz” rəqs ansamblını yaradaraq Ukrayna dövlətinin, eləcə də Azərbaycanın Ukraynadakı səfirliyinin tədbirlərində də çıxış edir, həmçinin xarici ölkələrə də qastrol səfərlərinə çıxır. “Qafqaz” rəqs ansamblı Ukraynada Qafqaz rəqslərinin bütün növlərini təbliğ edən yeganə ansambldır. Bu ansambl sayəsində bir çox insanlar Azərbaycanın qonaqpərvərliyini, Azərbaycan folklorunun gözəlliyini, ümumilikdə Qafqaz rəqslərini tanıyıblar və tanımaqda davam edirlər.
Ukraynada mədəniyyətimizi təbliğ edən “Qafqaz” rəqs ansamblının kollektivi təltif olunub
Nicat Mirzəyevin rəhbərliyi ilə “Qafqaz” rəqs ansamblı qocalar evlərində və uşaq evlərində də xeyriyyə konsertləri keçirir. Bütün bu tədbirlərdə “Qafqaz” rəqs ansamblı təmənnasız olaraq çıxış edir.
Tarix: 29-04-2021, 19:38