“Leninoqorsk – Bakı Dostluq körpüsü” platformasının yaradılması təklif edilir

“Leninoqorsk – Bakı Dostluq körpüsü” platformasının yaradılması təklif edilir
Mayın əvvəlində Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü ərəfəsində Tatarıstandakı “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Ramiz Məmmədovun dəvəti ilə Azərbaycandakı “Tatarıstan” İctimai Birliyi sədrinin müavini, ictimai xadim Emin Ramazanov Tatarıstanın Leninoqorsk şəhərinə səfər edib. Səfər çərçivəsində E.Ramazanovun Leninoqorsk şəhərinin meri Ryaqat Hüsainov ilə görüşü keçirilib.

Ryaqat Hüsainov onun Leninoqorska dostluq səfərini yüksək qiymətləndirib və Tatarıstanda neft hasilatının başlanması ilə bağlı tarixi faktlardan, həmçinin Bakıdan ilk neftçilərin Leninoqorsk şəhərinə gəlməsindən danışıb.
O, həmçinin qeyd edib ki, Leninoqorskda Azərbaycan diasporu çox fəal fəaliyyət göstərir və onun rəhbəri Ramiz Məmmədovun müxtəlif layihələrin həyata keçirilməsinə verdiyi şəxsi töhfələrdən danışıb. O, həmçinin qeyd edib ki, hər il Leninogorsk rayonunun “Birlik” fəalları Novruz bayramı, Sabantuy, Şəhər Günü kimi əhəmiyyətli tədbirlərdə fəal iştirak edirlər və bu gün Leninoqorskda yaşayan 28 nəfər Böyük Vətən müharibəsi veteranlarına xüsusi diqqət yetirirlər.

Görüşün sonunda “Tatarıstan” İctimai Birliyi sədrinin müavini Emin Ramazanov səmimi qəbula görə minnətdarlığını bildirib və yaxın vaxtlarda “Leninoqorsk – Bakı Dostluq körpüsü” adlı birgə tədbirin planlaşdırılmasını təklif edib.
Elə həmin gün qonaq Leninoqorsk şəhərində Xalqlar Dostluğu evində də olub. Tatarıstan Respublikası Leninoqorsk rayonunun Azərbaycan diasporunun rəhbəri Ramiz Məmmədov öz fəaliyyəti haqqında məlumat verib.

Azərbaycan diasporunun gənc kollektivi yaradıcılıq tədbirində iştirak ediblər. Onlar böyük tatar şairi Həbdulla Tukayın və Azərbaycanın tanınmış şairləri Nizami Gəncəvinin və Səməd Vurğunun şeirlərini oxuyublar.
Xatırladaq ki, Emin Ramazanov Leninoqorskdakı Neft müzeyində də olub. Bununla yanaşı, “Birlik” Azərbaycan Milli – Mədəni Muxtariyyətinin sədri Ramiz Məmmədovun Leninoqorsk şəhərinin bütün müsəlmanları üçün təşkil etdiyi iftar süfrəsində də iştirk edib. Həmçinin Azərbaycan diasporu, şəhər meri və Emin Ramazanov Leninoqorsk şəhərində Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsi ziyarət ediblər. Mitinq iştirakçıları həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib, sonra “Əbədi məşəl” önünə gül dəstələri qoyublar.

Qeyd edək ki, şəhərın mərkəzi küçələrində üzərində qələbə bayramı münasibətilə Azərbaycan diasporunun yerli sakinlərə, arxa cəbhə zəhmətkeşlərinə və veteranlara ünvanladığı təbrikin əks olunduğu bilbordlar yerləşdirilib. Bundan başqa, Ramiz Məmmədovun dəstəyi ilə Leninoqorsk şəhərindəki Böyük Vətən müharibəsi veteranlarına ərzaq yardımları hazırlanıb. 9 may günü “Birlik” üzvləri veteranların evlərinə gedib yardımları təqdim edəcəklər.
Tarix: 5-05-2021, 16:25