Tatarıstandakı “Birlik” üzvləri Böyük Vətən müharibəsində həlak olanları anıblar

Tatarıstandakı “Birlik” üzvləri Böyük Vətən müharibəsində həlak olanları anıblar
Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü Tatarıstanın Leninoqorsk şəhərindəki Azərbaycan diaspor tərəfindən xüsusi qeyd olunub. Belə ki, mayın 9-da “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Ramiz Məmmədov başda olmaqla soydaşlarımız Leninoqorsk şəhərində Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsini ziyarət ediblər. Mitinq iştirakçıları həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib, sonra “Əbədi məşəl” önünə gül dəstələri qoyublar.
Xatırladaq ki, şəhərın mərkəzi küçələrində üzərində qələbə bayramı münasibətilə Azərbaycan diasporunun yerli sakinlərə, arxa cəbhə zəhmətkeşlərinə və veteranlara ünvanladığı təbrikin əks olunduğu bilbordlar yerləşdirilib. Bundan başqa, Ramiz Məmmədovun dəstəyi ilə Leninoqorsk şəhərindəki 52 Böyük Vətən müharibəsi veteranına ərzaq yardımları hazırlanıb. Qələbə günləri ərəfəsində “Birlik” üzvləri veteranların evlərinə gedib yardımları təqdim ediblər.
Onu da əlavə edək ki, Ramiz Məmmədovun atası Mustafa Yusif oğlu Məmmədov Böyük Vətən müharibəsi veteran olub. Bütün onun ailəsi bu günlərdə Mustafa Məmmədovu fəxrlə anır. Ramiz Məmmədov atasını qürurla belə xatırlayır: “Atam Mustafa Məmmədovun şöhrəti ailəmizin yaddaşında, Azərbaycan və Rusiya, Tatarıstan, Leninoqorsk sakinlərinin yaddaşında əbədi yaşayacaqdır. 9 yanvar 1921-ci ildə Qərbi Azərbaycanın Krasnosel rayonunun Qara-Qaya qəsəbəsində anadan olub, könüllü olaraq cəbhəyə gedib. Tatarıstan əsilli insanlarla da çiyin-çiyinə vuruşub. Kerç və Novorossiyskini faşist işğalçılarından müdafiə etdi, onun kimi cəsarətli insanların müqaviməti sayəsində düşmən bu şəhərləri ala bilmədi, nəticədə qəhrəman şəhərləri adlandırıldı. Atam üç dəfə yaralanıb, ağır əməliyyat keçirib, lakin o, ruhdan düşməyib. O, sağalıb, müharibəni 77-ci Azərbaycan diviziyasının əfsanəvi 18-ci ordusunun tərkibində Berlinin ələ keçirilməsi ilə başa vurub. Mustafa Yusuf oğlu Məmmədov üçüncü və ikinci dərəcəli Şöhrət ordenləri, Böyük Vətən müharibəsi ordenləri, bir çox medallarla təltif olunmuşdur. Onlardan biri də “Qafqazın müdafiəsinə görə” medalıdır”.
Tarix: 11-05-2021, 15:51