Kazan kitabxanalarına Azərbaycanla bağlı kitab təqdim edilib

Kazan kitabxanalarına Azərbaycanla bağlı kitab təqdim edilib
Rusiya Federasiyası üzrə Azərbaycan diasporunun nəşr etdirdiyi Böyük Vətən Müharibəsinin 75 illiyinə həsr olunmuş “Azərbaycan Böyük Vətən müharibəsi illərində” adlı kitabın Tatarıstanda təbliğat və tanıtımı davam edir. Belə ki, Tatarıstanın Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliyinin sədri Ramiz Məmmədovun təşkilatçılığı ilə “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabı Kazan kitabxanalarına təqdim edilib.

Xatırladaq ki, “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabı ötən il Kursk şəhərində çapdan çıxıb. Kitabın nəşrində məqsəd Rusiyada diaspor sahəsində çalışan soydaşlarımız üçün mühüm vəsait hazırlamaqdır. Nəşrdə Azərbaycan milli diviziyasınin ön və arxa cəbhədəki qəhrəmanlıqlarından və müharibəyə vermiş olduğu əvəzsiz töhfəsindən bəhs edilir.

Kitabın təşəbbüskarı və müəlliflərindən biri də Rusiyanın Kursk şəhərində yerləşən Cənub-Qərb Universitetinin dosenti, ictimai xadim Qasım Kərimovdur. Digər müəllif isə Azərbaycan tarixçisi, tarix elmləri doktoru Vəfa Quliyevadır.

Kitabda, həmçinin Azərbaycanda müharibə veteranlarına göstərilən diqqət barədə ətraflı məlumat verilir. Qeyd edək ki, kitabda Ramiz Məmmədovun atası, Böyük Vətən müharibəsi iştirakçısı Mustafa Yusif oğlu Məmmədov haqqında da məlumat yer alıb.

Rusiyada yaşayan bir çox soydaşlarımız, o cümlədən Lenonoqarskda “Birlik” Azərbaycan diasporunun rəhbəri Ramiz Məmmədov kitabın nəşrinə təşkilati və maddi yardım göstərib.

Həmçinin, Tatarıstan Azərbaycanlıları Regional İctimaı Birliyinin sədri Bəhram Mustafayev Kazanda kitabın təqdimatının xərclərini öz üzərinə götürüb.

Tatarıstan Respublikasının Milli Kitabxanasında kitabın təqdimatı olub. Milli Kitabxananın direktor müavini Liliya Zalyalova kitabxana fonduna kitabı qəbul edib. Liliya Zalyalova bu kitaba görə Azərbaycan diasporuna öz təşəkkürünü bildirib: “Artıq hər hansı bir Tatarıstan sakini və ya qonaq kitabla tanış ola bilər”, deyə o əlavə edib.

Kitabın ideya müəllifi Qasım Kərimov təqdimata gələ bilməsə də, telefon bağlantısı ilə öz sevincini bölüşüb: “Nəşrdə bir sıra mühüm və mötəbər mənbələrdən istifadə olunub. Burada həm Sovet İttifaqının qəhrəmanları, bu müharibənin iştirakçıları haqqında, həm də arxa cəbhədə Azərbaycanda görülən işlər haqqında ətraflı məlumat verilir. Qələbənin təmin edilməsində mühüm rol oynamış neftçilərimiz, alimlərimiz, kənd təsərrüfatı işçiləri, tibb işçiləri və s haqqında qeyd olunub. “Cəbhə üçün hər şey, qələbə üçün hər şey” prinsipi ilə gecə-gündüz işləyənlərin intensiv fəallığı, nailiyyətləri barədə ətraflı məlumat var, konkret misallarla oxuculara çatdırılır. Bundan başqa, kitabda bəzi ölkələrdə tarixi saxtalaşdıraraq faşizmi təbliğ edən, bunun qəbuledilməz olduğunu iddia edən mənfur insanlardan bəhs edilir”.

Həmçinin, kitabla Tatarıstan Respublikasının Mərkəzi Kitabxanasında da tanış olmaq mümkündür. Orada da təqdimat və kitab təqdim olundu. Azərbaycan diasporunun nümayəndələri kitabxanalara Leninoqorskda keçirmək istədikləri “Dostluq körpüsü” aksiyasında iştirak etməyi təklif ediblər.

Kitabın təqdimatı və təqdim edilməsi Tatarıstanda Azərbaycan diasporunun birgə layihələrinin və aksiyalarının başlanğıcıdır. Ramiz Məmmədovun təşkilatçılığı ilə Leninoqorskda Azərbaycan xalqının və Tatarıstanın mədəni mübadiləsinə həsr olunmuş “Dostluq körpüsü” aksiyasının həyata keçirilməsi planlaşdırılır.
Tarix: 15-05-2021, 21:28