"Anormal bank sistemində ciddi islahatlara ehtiyac var"-Fəzail Ağamalı

"Anormal bank sistemində ciddi islahatlara ehtiyac var"-Fəzail Ağamalı
"İllərdi yüz minlərlə Azərbaycan vətəndaşını zəlil günə qoyan, onun ailəsini dağıdan, evlərini, mülklərini əllərindən alan müasir başa bəla Azərbaycan bank sisteminin yaradıcısı olan Mərkəzi Bankın rəhbəri hələ də yüksək faizli bu missiyanı davam etdirməkdədir".
Azforum.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında millət vəkili Fəzail Ağamalı səsləndirib.
F.Ağamalı "cehiz krediti deyilən istehlak kreditləri ailə quranların faciəsinə çevrilib, 50-60 min manat kredit götürüb sahibkarlıqla məşğul olmaq istəyən iş adamları kiçik bir uğursuzluğa düçar olanda, kreditin ödənişini gecikdirəndə əlavə faizlərlə, cərimələrlə fantastik rəqəmə çevrilən kreditin əvəzinə girov qoyduğu 200-250 minlik daşınmaz əmlakını dərhal məhkəmənin hökmü ilə müsadirə edirlər, - deyə fikrini davam etdirib: "
Sual olunur: Bu cür yanaşma, bu qədər yüksək faiz, bu qədər pula hərislik hansı ölkədə, hansı ölkənin bank sistemində var? İndi biz hər bir manata belə qənaət edib, onu Böyük Qayıdışa yönəltməliyik. Nə baş verir? Mərkəzi Bankın sədri elan edir ki, 31 mərtəbəli 430 milyon manatlıq Mərkəzi Bankın yeni binasının tikintisi üçün tenderin qalibi müəyyən olunub. Baş bankirə xatırlatmaq istərdim ki, həmin pulla indiki bazar qiymətilə yüksək standartlara cavab verən 1720000 m2 mənzil və yaxud 12300 yaşayış evi, bir necə məktəb, xəstəxana, uşaq baxçası və digər sosial obyektləri tikib istifadəyə vermək olar.
Bu cür anormal bank sistemində ciddi islahatlara böyük ehtiyac var. Tam əminəm ki, nə qədər indiki bank siyasəti mövcuddur, nə qədər ki, bank - pul – krediti icrasında fundamental dəyişikliklər aparılmayıb, vətəndaş - bank münasibətləri hazırkı bataqlıqdan çıxmayacaq. Eyni zamanda, “Bank haqqında” qanun yenidən işlənilməli, Mərkəzi Bankın şəffaf olmayan maliyyə fəaliyyətinə, ştat cədvəlinin və illik smetasındakı müstəqilliyə son qoymalı və bu səlahiyyətlər Milli Məclisə verilməlidir.
Dünyanın milyardlarla vəsaiti olan böyük banklarının Azərbaycana gətirilməsi önəmli olardı. Bu praktikanı ölkələrində tətbiq edən Cənubi Koreya, Sinqapur, Yaponiya və Çinin reallığı göz önündədir.
Sonda nəhayət Salyan rayonunun Xıdırlı kəndinin qazlaşdırılmasını bir daha önə çəkir və bu problemin həllini hörmətli Baş nazirdən xahiş edirəm.
Nazirlər Komitəsinin hesabatını yüksək qiymətləndirir və növbəti ildə hökumətimizə uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm".
Tarix: 16-03-2021, 16:41