"Azərbaycanla danışıqlar aparmaqdan başqa çarə yoxdur"

"Azərbaycanla danışıqlar aparmaqdan başqa çarə yoxdur" Ermənistan və Azərbaycanın danışıqlar platforması - ATƏT-in Minsk qrupunun həmsədrliyi var idi. Təəssüf ki, bu danışıqlar nəticə vermədi və müharibə başladı, bu, ən pis variant idi”.

Modern.az xəbər verir ki, bu fikirləri “Sky News Arabia” telekanalına müsahibəsində Ermənistan prezidenti Armen Sarkisyan deyib.

O, II Qarabağ müharibəsi zamanı minlərlə erməni gəncin həyatını itirməsinə çox təəssüfləndiyini vurğulayıb:

“Yeni ildən əvvəl mən həlak olmuş oğullarımızın dəfn edildiyi Yerablur qəbiristanlığında oldum. Bu dünyada ən çətin şey 18-19 yaşlı övladlarının itkisinə ata-anasının yas tutmasını görməkdir. Halbuki, danışıqlar və diplomatiya yolu ilə, gənclər həyatlarını itirmədən bu problemi həll edə bilmək mümkün idi.
İndi atəşkəs bağlanıb, amma yekun sülh müqaviləsi yoxdur, danışıqlar gedir, bunu Ermənistan tərəfdən hökumət və baş nazir, Azərbaycan tərəfdən isə Azərbaycan prezidenti aparır, Rusiya da vasitəçidir. Ümid edirəm ki, bu danışıqlar nəticəsində biz davamlı və praqmatik sülh əldə edəcəyik.

İnanıram ki, bu dəfə Azərbaycan və Ermənistan kompromislər yolu ilə sülhü bərqərar edə biləcəklər. Amma bu, asan deyil”.

Ermənistanın Türkiyə ilə əlaqələrinə toxunan Armen Sarkisyan qeyd edib ki, regionda - Suriyada, Aralıq dənizinin Şərqində və bir çox yerdə özünəməxsus davranışlar göstərən Türkiyə kimi bir qonşu ilə problem yaşamamalısınız:

“Yenə də inanıram ki, bu halda da danışıq aparmaqdan başqa yol yoxdur. Ermənistan və Türkiyə vaxtilə - 2009-cu ilin oktyabrında danışıqlar aparmağa cəhd etmişdilər və hətta Sürixdə protokol da imzalamışdılar. Mən də o vaxt bir neçə səbəbə görə məsələyə şübhə ilə yanaşırdım. Bunlardan biri odur ki, o danışıqlarda Türkiyə tərəfində Azərbaycanın iştirakı yox idi. Halbuki, Ermənistanın Azərbaycanla problemləri var idi, Azərbaycanın iştirakı olmadan Türkiyə ilə razılaşma mümkün deyildi. Erməni tərəfdən də danışıqlarda diaspor iştirak etmirdi. Erməni diasporu böyük ölçüdə "soyqırımı" məsələsi nəticəsində formalaşıb. Diasporun köməyi olmadan Ermənistanın hansısa prezidenti və ya baş naziri necə müqavilə imzalaya bilərdi?
Ermənistan kiçik ölkədir, lakin bütün dünyaya səpələnmiş xalqdır. ABŞ-da və ya Rusiyada Ermənistandakı qədər erməni yaşayır...”.

Erməni prezident deyib ki, sabit gələcəyə aparan yol danışıqlardan keçir. Lakin o, qondarma “erməni soyqırımı” məsələsini gözardı etməyin tərəfdarı olmadığını da qeyd edib:

“Lakin bunlar təkcə iki ölkə arasında aparılan danışıqlar deyil. Bu halda keçdiyiniz tarixə göz yuma bilməzsiniz. Yaxşı bir nümunə, yəqin ki, aşağıdakılar ola bilər:
təxminən iki il əvvəl mən İsraildə Holokosta həsr olunmuş böyük bir konfransda iştirak etdim. Müxtəlif ölkələrin liderləri iştirak edirdilər: Rusiya, Fransa, İtaliya, Almaniya prezidentləri, ABŞ-ın vitse-prezidenti və başqaları. Çıxışlar oldu, gül dəstələri qoyuldu, amma mən Almaniya prezidentinin çıxışını gözləyirdim. Açığını desəm, o, parlaq danışdı və şəxsən mənim üçün bu, həmin konfransın ən vacib məqamı idi. Çünki İkinci Dünya Müharibəsindən sonra Almaniya və İsrail hər hansı bir şəkildə danışıqlar aparmağa cəhd etsəydilər, Holokosta toxunmadan heç nəyə müvəffəq olmazdılar.

Ermənistan-Türkiyə münasibətləri də eyni kontekstdədir. Düşünürəm ki, uğur qazanmaq üçün gözlərinizi yummamalı və aşkar olanı görməməzlikdən gəlməməlisiniz. Bunlar çətin danışıqlardır. Ümid edirəm ki, bir gün ermənilər və türklər bu məsələdə uğur qazanacaqlar, lakin bunu etmək üçün tarixi reallıqları nəzərdən qaçıra bilmərik. Uğur qazanmaq üçün Ermənistan və Türkiyə arasında, eləcə də regionda sabit və güclü əlaqələr qura bilmək üçün praqmatik olmalıyıq”.
Tarix: 20-01-2022, 17:55