İstanbul görüşü Türkiyə diplomatiyasının uğurudur

İstanbul görüşü Türkiyə diplomatiyasının uğurudurRusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda görüşünün mühüm siyasi nəticələri olub. Görüşlə bağlı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Rusiya-Ukrayna dialoqunun başladığı gündən bu yana ən mənalı irəliləyiş bu gün İstanbulda əldə edildi. Tərəflər arasında mövqelərdə kəskin ziddiyyət, barışmaz prinsipiallıq və müharibənin ağır fəsadları konstruktiv dialoq elementlərini istisna edirdi.

Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

O, qeyd edib ki, Qara dəniz hövzəsində Rusiya və Ukrayna ilə həmsərhəd olan Türkiyənin bu xüsusda təbii vasitəçilik imkanları genişlənirdi. Belorusiyada keçirilən danışıqlar raundu heç bir nəticə verməyib: “Eyni zamanda nəzərə almaq lazımdır ki, Türkiyə Ukraynanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı və müstəqilliyini müdafiə etməklə yanaşı, Rusiyaya qarşı iqtisadi sanksiyalar paketində yer almayıb. Hər iki dövlətlə iqtisadi, siyasi, enerji və müdafiə sənayesi sahəsində yaxşı münasibətləri olan Türkiyə dövləti geosiyasi aktor kimi beynəlxalq nüfuz qazanmaq üçün İstanbul görüşünə böyük ümid bəsləyirdi. Digər tərəfdən, Antalya Diplomatik Forumunda Türkiyənin XİN rəbəri Mövlud Çavuşoğlu Lavrov-Kuleba görüşünün keçirilməsinə də nail olub. İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarında Rusiyalı iş adamı Roman Abramoviç iştirakından tutmuş barış masasının başında olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğanın çıxışında olan incə detallara qədər İstanbul görüşü maraqlı məqamlarla yadda qaldı”.

İ.Hüseynov onu da bildirib ki, Ukraynanın nüvəsiz və neytral dövlət olması haqqında tezis artıq tərəflər arasında razılaşdırılıb. “Delimilitarizasiya” və “denasifikasiya” yalnız Rusiyanın daxili auditoriyası üçün işləyən ideoloji təbliğat vasitəsinə bənzəyir və danışıqların predmeti deyil: “Görüşlə bağlı Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna Rusiya ilə danışıqlar prosesini davam etdirəcək və onların effektivliyinə ümid edir, lakin eyni zamanda Kiyev real təhlükəsizlik zəmanəti almaq istəyir. Rəsmi Kiyev əldə olunan razılaşmaların böyük güclər tərəfindən möhürlənməsini və daha sonra xalq arasında referendum keçirməyi planlaşdırır. Zelenskinin fikrincə, suverenlik və ərazi bütövlüyü ilə bağlı heç bir kompromis ola bilməz, olmayacaq, bunlar aydın prinsiplərdir, mümkün nəticəyə aydın baxışdır. Danışıqlar ən müsbət tərəfi bundan ibarətdir ki, Rusiya Müdafiə Nazirliyi Kiyev və Çerniqovda hərbi əməliyyatları kəskin şəkildə azaltdığını bəyan edib. Bunun nə qədər doğru olduğu yaxın zaman kəsiyində məlum olacaq. Danışıqların keçirilməsi enerji daşıyıcılarının qiymətinə də müsbət təsir göstərib. Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbuldakı görüşündən sonra dünya birjalarında neftin qiyməti 6.5% aşağı düşüb. Ümumilikdə hərbi-siyasi müstəviyə müsbət təsir edən İstanbul görüşünü Türkiyə diplomatiyasının uğuru kimi qiymətləndirmək olar”.
Tarix: 31-03-2022, 11:27