"Ermənistan beynəlxalq norma və prinsiplərə əməl etməyə borcludur"

"Ermənistan beynəlxalq norma və prinsiplərə əməl etməyə borcludur"Brüssel görüşü ərəfəsində Ermənistan hərbi-siyasi rəhbərliyi ənənəvi “ikili standartlar” prinsipindən çıxış etməyinə davam edir. Bir yandan biz baş nazir Nikol Paşinyanın və xarici işlər naziri Ararat Mirzoyanın şəxsində rəsmi İrəvandan sülhə dair pozitiv mesajlar alırıq, ancaq digər yandan isə Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması halları artıq mütəmadi xarakter alıb.

Bunu Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonası olan Azərbaycan ərazisində - Qarabağda cəmləşən erməni separatçı-terrorçu dəstələri də atəşkəs rejimini pozmaqda xüsusi fəallıq göstərir:

"Rəsmi Bakı isə sülh təşəbbüslərini təmkinlə davam etdirir və Ermənistanın sülhə məcbur edilməsi taktikasına üstünlük verir. Bu taktika kifayət qədər səmərəli seçim kimi dəyərləndirilə bilər və rəsmi Bakı əmindir ki, bu taktikanın ardıcıl surətdə tətbiqi sonda öz müsbət nəticəsini mütləq verəcək. Hazırda bütün müşahidələr onu göstərir ki, Ermənistanın Azərbaycanın təklif etdiyi 5 bənddən ibarət sülh üzrə baza prinsiplərini qəbul etməkdən başqa bir seçimi qalmayıb".

Ə.Hüseynov onu da qeyd edib ki, biz postmüharibə dönəmində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün erməni tərəfinə beynəlxalq hüquq prinsipləri və mehriban qonşuluq münasibətlərinə əsaslanan sülh müqaviləsinin əsas müddəalarını təqdim etmişik. Ermənistan rəhbərliyi öz növbəsində yalançı “sülhpərvər”likdən əl çəkib həmin müddəaları, prinsipləri qəbul etməli, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanımalı, həmçinin bizə qarşı ərazi iddiaları ilə çıxış etmək praktikasına son qoymalıdır:

"Əslində bu 5 prinsipdə yeni heç nə yoxdur. Bunlar Ermənistanın yerinə yetirə bilməyəcəyi fantastik prinsiplər, tələblər də deyil. Bu prinsiplərin hər birinə Helsinki sazişində rast gəlmək mümkündür. Ermənistan da sözügedən beynəlxalq norma və prinsiplərə əməl etməyə borcludur. Özünə hörmət edən hər bir dövlət bu prinsiplərə əməl etməyə çalışır. Ermənistan da özünü adekvat dövlət, oturuşmuş beynəlxalq siyasi subyekt kimi təsdiqləmək istəyirsə Azərbaycanın sözügedən 5 maddəlik təkliflərinə müsbət reaksiya verməlidir".

Bu təkliflərin əleyhinə getmək sağlam təfəkkür nümunəsi hesab oluna bilməz. Ermənistan bu prosesi sadəcə süni surətdə uzada bilər. Zaman-zaman “Bakı ilə sülh danışıqlarına hazırıq” deyən, lakin sözdən əməli işə keçməyə isə əsla tələsməyən Paşinyan əslində belə boş və məsuliyyətsiz bəyanatlarla sadəcə vaxt udmağa çalışır. Amma bunun özü də Ermənistanın zərərinə işləyən bir davranışdır:

"Hesab edirik ki, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutacaq görüşü erməni baş nazirin anlamsız davranışlarına, destruktiv taktiki gedişlərinə son nöqtəni qoyacaq və onu Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində real addımlar atmağa məcbur edəcək. Dalana dirənmiş Ermənistanın yeganə çıxış yolu rəsmi Bakının sülh təkliflərini qəbul etməkdədir".
Tarix: 4-04-2022, 19:11