Belçikalı türklərdən Azərbaycanda 450 azətminatlı ailəyə Ramazan payı

Belçikalı türklərdən Azərbaycanda 450 azətminatlı ailəyə Ramazan payı
Uzun illərdir ki, Belçikada fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatları birgə əməkdaşlıq şəraitində müxtəlif tədbirlər həyata keçirirlər. Bu tədbirlərin böyük bir hissəsi Azərbaycan həqiqətlərinin təbliği, Xocalı soyqırımının tanıdılması və Azərbaycan mədəniyyətinin Avropada layiqli bir şəkildə təqdim edilməsilə bağlı olsa da, diaspor təşkilatlarımız sosial layihələrin həyata keçirilməsində də xüsusi fəallıq göstərirlər. Bu cür sosial layihələr diaspor təşkilatlarımız tərəfindən isə yalnız Avropa məkanında deyil, həm də ölkəmizdə həyata keçirilib.
Bu günlərdə Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi və Belçika Gent Türk ocağının fəxri sədri, Türk millətçisi Rəcəp Tuncər Sarının təşəbbüsü ilə Ramazan ayının başlanması münasibətilə növbəti belə bir layihəyə start verilib. Belçikalı Azərbaycan və Türk diaspor təşkilatlarının üzvləri Ramazan bayramı münasibətilə Azərbaycandakı 450 aztəminatlı ailəyə ərzaq yardımı paketi təqdim ediblər.
Azərbaycan-Belçika Dostluq Cəmiyyətindən bildirilib ki, ərzaq paketlərindən ibarət olan yardım ilk olaraq Bakının Pirşağı qəsəbəsindəki “Qızılqum” sanatoriyasında məskunlaşan Xocalı sakinlərinə təqdim olunub.
Daha sonra isə Bakının ətraf rayonlarında yaşayan aztəminatlı ailələrə, eləcə də Yardımlı, Qazax, İsmayıllı, Neftçala, Qazax rayonlarında yaşayan aztəminatlı ailələrə Ramazan payı çatdırılıb. Gent Türk Ocağından bildiriblər ki, bu cür sosial layihələr davamlı xarakter daşıyır və gələcəkdə də belə layihələrin həyata keçirilməsi davam edəcəkdir.
Xatırladaq ki, Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi və Belçika Gent Türk ocağının fəxri sədri Rəcəp Tuncər Sarının təşəbbüsü ilə ölkəmizdə bu cür layihələr davamlı olaraq həyata keçirilməkdədir. Belə ki, ötən il Qurban bayramı ərəfəsində 119 ədəd qurban kəsilərək, aztəminatlı ailələrə paylanmışdı. Daha sonra Pirşağı qəsəbəsində Xocalı rayon 2-saylı tam orta məktəbinin şagirdləri, eləcə də digər aztəminatlı ailələrin uşaqları üçün 223 nəfərlik qışlıq üst geyimlər və həmin miqdarda ayaqqabılar uşaqlara Belçikalı türklərdən hədiyyə olaraq təqdim olunmuşdur. Pandemiya dövründə aztəminatlı ailələri daima diqqətdə saxlayan diaspor fəalları 110 aztəminatlı ailəyə ərzaq yardımı da göstərmişdir.
Sentyabrın 27-də başlayan və Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi günlərində də Belçikalı türklər öz fəallıqları ilə seçilirdilər. Onlar cəbhə xəttində baş verənləri, mülkü vətəndaşlarımıza qarşı erməni ordusunun törətdiyi müharibə cinayətlərini demək olar ki, bütün dünyaya çatdırmağa çalışırdılar. Diaspor təşkilatlarımız bütün bunlarla da kifayətlənmir, Azərbaycan əsgərinə dəstək olduğunu ifadə etmək üçün müxtəlif kompaniyalar keçirir, ordumuza, əsgərlərimizə yardım etməyə çalışırdılar. Belə bir məqamda da Belçikalı türklər, xüsusilə gənclər və öyrəncilər savaşın zəfərlə bitəcəyinə əmin olaraq, Gent şəhərində Azərbaycanın Zəfərini qeyd etmək üçün bir kompaniyaya başladılar.Tələbələr öz əlləri ilə bişirdikləri şirniyyatları xeyriyyə məqsədilə sataraq, toplanan pullarla Zəfər qurbanları kəsməyi niyyət etdilər və Azərbaycanın şanlı Zəfərini 55 ədəd qurban kəsərək, Azərbaycanda müharibədən zərər çəkmiş, eləcə də aztəminatlı ailələrə və digər həssas quruplara payladılar.Bu aksiyanın davamı olaraq, Azərbaycanda Belçikalı tələbələr adından 100 məktəbli üçün məktəb ləvazimatlarından ibarət hədiyyə bağlamları da təqdim edildi. Təbii ki, bütün bu layihələr Belçikalı türklərin hər zaman Azərbaycana, onun insanına dəstək olduğununun bir təsdiqidir.
Tarix: 28-04-2021, 22:23