FHN işçilərinin Həmkarlar İttifaqı 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirib

FHN işçilərinin Həmkarlar İttifaqı 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirib
Martın 31–də və aprelin 1-də Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqı tərəfindən 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Ağdam rayonlarında fəaliyyət göstərən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə hissələrində görüşlər keçirilib.
Azforum.az-ın məlumatına görə, tədbirlərdə Azərbaycanın azadlığı və ərazi bütövlüyünün təmin olunması zamanı canlarını fəda vermiş şəhidlərimizin, həmçinin erməni terrorizmi nəticəsində həyatlarını itirmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Ordumuzun böyük şücaəti və misilsiz qəhrəmanlığı sayəsində qazanılmış parlaq Qələbə münasibətilə hər kəsi təbrik edərək, bu Qələbənin əldə olunması yolunda dövlətimizin başçısının həyata keçirdiyi uzaqgörən siyasətindən geniş bəhs edib. Qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində ölkəmiz ilbəil gücləndi, iqtisadi və hərbi qüdrəti durmadan yüksəldi, beynəlxalq imici möhkəmləndi. Bütün bunlar və xalqımızın milli həmrəyliyi nəticəsində cəmi 44 gün ərzində erməni işğalçıları torpaqlarımızdan qovuldu və ərazi bütövlüyümüz təmin olundu. Mehman İsmayılov qeyd edib ki, erməni barbarlığının qurbanı olaraq viran qoyulmuş bu ərazilər dövlətimizin başçısının müdrik rəhbərliyi ilə qısa müddətdə əsl cənnətə çevriləcək.
Daha sonra ermənilərin azərbaycanlılara qarşı tarixən törətdiyi soyqırımı barədə danışan Mehman İsmayılov ermənilərin bu qanlı cinayətlərinin Azərbaycan xalqının yaddaşında əbədi həkk olunduğunu diqqətə çatdırıb. Həmçinin bu qan yaddaşının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinə toxunaraq qeyd edib ki, Ulu Öndərin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu çərçivədə, ermənilərin xalqımıza qarşı soyqırımı siyasətinin ifşa edilərək dünya birliyinin diqqətinə çatdırılmasında Heydər Əliyev Fondunun verdiyi töhfələr xüsusi qeyd olunmalıdır.

AZƏRTAC
Tarix: 1-04-2021, 20:24