Türk Dünyasının yeni Yol Xəritəsi
“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının Şuşada qeyri-rəsmi zirvə görüşünün keçirilməsi təkcə tarixi hadisə yox, həm də Türk dünyasının həyatında yeni bir mərhələnin başlanğıcıdır. Bu mərhələdə Türk Dünyasının lokomotivi rolunu isə Azərbaycan oynayır”.
Bu fikirləri Newscenter.az-a “Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşünü şərh edərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, Türk Dünyası yeni mərhələyə Şuşada qəbul edilmiş “Qarabağ Bəyannaməsi” ilə başlayır:
“Şuşa Zirvəsində imzalanan tarixi “Qarabağ Bəyannaməsi” belə demək mümkünsə Türk Dünyasının inkişafının yeni yol xəritəsidir. Qarşıdakı illərdə təşkilat öz fəaliyyətini Qarabağ bəyannaməsinin müddəllarında əks olunan istiqamətlər əsasında davam etdirəcək".
Süleyman İsmayılbəylinin sözlərinə görə, Şuşa zirvəsi həm də ona görə tarixidir ki, Türk Dövlətləri Təşkilatının bu mötəbər görüşü ilk dəfə azad edilmiş Qarabağ torpağında, mədəniyyət beşiyimiz olan Şuşada keçirilir. İctimai Birlik sədri onu da əlavə edib ki, zirvə görüşündə qəbul edilmiş Bəyannamə ilə üzv ölkələr təkcə siyasi deyil iqtisadi sahədə də bir sıra vacib detalları diqqətə alıblar:
“İlk növbədə onu qeyd etmək yerinə düşər ki, təşkilata üzv ölkələr Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun bütün potensialından istifadə olunmasının tərəfdarıdır.
Bir sözlə, Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən zirvə toplantısı önəmli müzakirələr, vacib qərarlarla yadda qaldı. Toplantının sonunda imzalanan Qarabağ Bəyannaməsi isə Türk dünyasının həmrəyliyini, eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək".
Tarix: 8-07-2024, 13:37