Anım Günü dərin ehtiramın ifadəsidir

Anım Günü dərin ehtiramın ifadəsidir
“Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.”
Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev


Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. Onu da qeyd etməlyik ki, ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.
Xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmişlər. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı cinayətdir.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu fəaliyyəti ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır.
Bütün bu illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir.
Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.
Xalqımızın and yerinə çevrilən doğma torpaqlarımızın 30 il ərzində düşmən əsarətində qalması illərdi ki, qəlbimizdə dərin izlər yaratmışdı. Ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurları, əldə etdiyi inkişaf səviyyəsi ilə dünya miqyasında layiqli yerini tutub irəliləməsinə sevinsək də, böyükdən-kiçiyə hər birimizin ürəyində böyük bir nisgil, həsrət yanğısı var idi. Lakin dövlət başçımızın hər dəfə mötəbər tədbirlərdə, eləcə də şəhid ailələri və qazilərlə görüşləri zamanı etdiyi çıxışlarında qətiyyətlə qəhrəman oğullarımızın qanının yerdə qalmayacağını, torpaqlarımızın işğaldan azad ediləcəyini vurğulaması inam hissimizi də gücləndirirdi. Bütün bunların məntiqi nəticəsi olaraq öz liderinin ətrafında sıx birləşən xalqımız bu həsrətə ötən ilin sentyabrın 27-də son qoydu. Bu əlamətdar gün xalqımızın çoxdan gözlədiyi Zəfər yolunun başlanğıcı kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Dövlət başçımız, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün da¬vam edən Vətən müharibəsi Ordu¬muzun qüdrətini, döyüş ruhunu, eləcə də xalqı¬mızın sarsılmaz birliyini, doğma yurdu, torpağı uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur. Əminliklə deyə bilərik ki, Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir. Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə xalqımızın əzmini, birliyini daha da artırdı. Artıq bayrağımızın şövqlə dalğalandığı ölkəmizin nadir incisi, mədəniyyət beşiyi olan Şuşada bu gün silsilə tədbirlər keçirilir.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. Küçə, prospekt və meydanlarda, evlərin balkonlarında üçrəngli bayrağımız dalğalanır. Məscidlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunur. İnsanlar Anım Gününü həm də zəfər və iftixar günü kimi qeyd edirlər.
Bu günlər Şəhidlər Xiyabanına gələn böyükdən-kiçiyə hər kəs ərazi bütövlüyünü təmin etmiş ölkənin vətəndaşı kimi böyük qürur hissi keçirərək şəhidlərimizin xatirəsini ehtiramla yad edir. Allah şəhidlərimizə rəhmət eləsin! Yaşasın Azərbaycan Xalqı!


Mehdi MEHDİYEV, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri
Tarix: 26-09-2024, 13:12
26.11.2024
18:47
COP29-un uğurları
11.11.2024
16:01
Qalibiyyət rəmzi
20.10.2024
22:16
Tarixi həqiqətlər
26.09.2024
10:53
Haqq döyüşü