Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya gəldiyi saatlarda prezident İlham Əliyev Naxçıvandan ona mesajlarını göndərirdi. Prezident birincisi dedi ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub və bu mövzunu bir daha gündəmə gətirməsinlər. İlham Əliyev ikincisi bildirdi ki, status Azərbaycanı maraqlandırmır, bu mövzu da bizim üçün bitib.
İlham Əliyev Lavrovla görüşdə ona digər zəruri məsələləri də xatırlatdı.
Birincisi, dövlət başçısı dedi ki, hərbi əməliyyatlar başa çatandan sonra Azərbaycan müharibənin yekunlarına əsasən bütün hərbi əsirləri Ermənistana təhvil verib. Bu o deməkdir ki, 10 noyabrdan sonra Ermənistandan Qarabağa göndərilən və ələ keçirilən ermənilər asanlıqla təhvil verilməyəcək.
İkincisi, İlham Əliyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həlak olmuş 1600-ə yaxın erməni hərbi qulluqçunun cəsədlərini erməni tərəfə təhvil verildiyini bildirdi: “Müqayisə üçün deyim ki, Birinci Qarabağ müharibəsindən sonra bütün işğal illəri ərzində erməni tərəfi itkin düşmüş azərbaycanlı hərbi qulluqçulardan heç birinin cəsədini bizə verməyib, bizdə belə hərbi qulluqçuların sayı isə 4 minə yaxın olub”. Bu da Lavrova zəruri xatırlatma idi.
Üçüncüsü dövlət başçısı Lavrova Azərbaycanın Ermənistana növbəti xoş jestini xatırlatdı: “Biz Ermənistanın işğaldan azad edilmiş ərazilərdə avtomobil yolu boyunca yerləşən yaşayış məntəqələri arasında maneəsiz kommunikasiyanı təmin edirik, avtomobil yolunun 20 kilometrdən çox hissəsi erməni vətəndaşların istifadəsindədir və bu məsələdə heç bir maneə və ya çətinlik yoxdur”.
Dördüncüsü, İlham Əliyev Lavrova onu da xatırlatdı ki, bir ay ərzində Rusiya ərazisində təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana qaz Azərbaycan ərazisindən nəql edilib: “Bu da münaqişədən sonrakı vəziyyətin normallaşmasına yönəlmiş xoş məram jesti idi. Belə nümunələr çoxdur”.
İlham Əliyev Azərbaycanın sadaladığı addımları müqabilində Ermənistanda azərbaycanofobiya meyillərinin olduğunu bildirdi. Dövlət başçısı buna misal olaraq işğaldan azad edilmiş ərazilərdə praktiki olaraq hər şeyin dağıdıldığını, Ağdamın “Qafqazın Xirosiması” adlandırıldığını, Füzuli şəhərində bircə salamat binanın qalmadığını vurğuladı.
Görünür, Sergey Lavrov İlham Əliyevin Naxçıvandan verdiyi mesajları nəzərə alaraq Bakıdakı görüşlərin mətbuata açıq hissəsində nə statusdan, nə münaqişənin həllindən, nə də həmsədrlərin birgə fəaliyyətindən danışdı. Ancaq Lavrov Zəngəzur dəhlizinin açılması vacibliyinə də toxunmadı. Halbuki, Bakıda ona daima 10 noyabr bəyanatı və orada kommunikasiya xətlərinin açılmasıyla bağlı bənd xatırladıldı. Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında İrəvanda dediyini təkrarladı: “Kommunikasiya xətlərinin açılmasıyla bağlı dəqiq tarixi söyləmək çətindir və bu məsələlər tərəflərin razılığa ilə həll olunmalıdır”.
Sergey Lavrov İlham Əliyevlə görüşdə Azərbaycanla Ermənistan sərhəddinin delimitasiya və demarkasiya ilə bağlı məsələlərinin olduğunu bildirdi: “Bu məsələlərin hamısı asan deyil, lakin hamısı həll edilə biləndir. Biz əminik ki, hərbi ekspertlər diplomatların iştirakı ilə qarşılıqlı məqbul qərarlar barədə razılığa gələ biləcəklər”. Deməli, bu məsələ Ermənistan qədər Rusiyanı da narahat edir.
Lavrov mətbuat konfransında azərbaycanlı jurnalistin “Ermənistanın minalanmış xəritələrin Azərbaycana təhvil verməməsini və Ermənistanda faşitlərin qəhrəmanlaşdırılmasını necə dəyərləndirirsiniz?” sualına elə cavab verdi ki, Ermənistanın xətrinə dəyməsin.
Məsələn Lavrov minalarla bağlı problemin “humanitar məsələ” kimi qiymətləndirərək bunu “əsirlərin qaytarılmasıyla” əlaqələndirdi. Yəni demək istədi ki, Ermənistanın istədiyi bütün digər məsələlər həll olunduqdan sonra minalanmış ərazilərin xəritəsi Azərbaycana verilə bilər. Lavrov sualın ikinci hissəsinə cavab olaraq Ermənistanda faşist Njdeyə qoyulan abidəyə də toxunmadı: “Nasitlərin qəhrəmanlaşdırılmasını bir sıra Avropa ölkəsində, Baltik dövlətlərində və Ukraynada müşahiə edirik”. Lavrov bu sırada Ermənistanın adını çəkmədi. Bu yerdə Ceyhun Bayramov söz almaq məcburiyyətində qalaraq Ermənistanın Njde və Monte Melkonyan kimi faşistləri və terrorçuları qəhrəman kimi qələmə verməsindən tutmuş İrəvanda tanınmış siyasi və ictimai xadim Mahatma Qandinin heykəlinin yandırılmasına qədər olayları sadaladı. Lavrovun bu sözlərə heç bir reaksiyası olmadı.
Lavrov İlham Əliyevlə görüşdə belə bir cümlə də işlətdi: “Beynəlxalq mədəni irsin qorunub saxlanmasına cavabdeh olan təşkilat kimi UNESCO da bu səylərdə iştirak etməkdə maraqlıdır”. Azərbaycan torpaqları uzun illər işğal altında qalanda, məscidlər, kitabxanalar, muzeylər dağıdılanda, yandırılanda bu nə Rusiyanı, nə də UNESCO-nu maraqlandırırdı. İndi isə Lavrov və UNESCO Qarabağda araşdırmalar aparmaq istəyirlər. Məqsəd azad edilmiş ərazilərdə ermənilərin iddia etdikləri, ancaq onlara aid olmayan qədim kilsələr haqqında hesabat hazırlamaqdır.
Beləliklə, Sergey Lavrovun əvvəlcə Ermənistana, daha sonra Azərbaycana səfəri yekunlaşdı. Heç nə baş vermədi. Lavrov sadəcə tərəfləri sakitləşdirməyə çalışdı və Azərbaycanı narahat edən heç bir məsələyə də aydınlıq gətirmədi.
“Atlas” Araşdırmalar Mərkəzi