İlham Əliyevin YAP-ın qurultayında çıxışı - TAM MƏTN + YENİLƏNİB/FOTO

İlham Əliyevin YAP-ın qurultayında çıxışı - TAM MƏTN + YENİLƏNİB/FOTO

Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib.

Prezident İlham Əliyev: “Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm”.

Dövlət Himni səslənib.

Prezident İlham Əliyev: “Hörmətli Yeni Azərbaycan Partiyasının üzvləri, ilk növbədə, xahiş edirəm ki, Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək”.

Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Prezident İlham Əliyev: “Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Sonra dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda giriş nitqi söyləyib:

“Partiyamızın VI qurultayından üç il ötür. Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir. Bu gün bizim Qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşib, düşmənə sarsıdıcı zərbələr vurub öz tarixi torpaqlarını işğalçılardan azad etmişdir. Biz bu tarixi missiyanı yerinə yetirdik.
Tarix: 5-03-2021, 16:59