Azərbaycanın üzərinə götürdüyü beynəlxalq məsuliyyət

Azərbaycanın üzərinə götürdüyü beynəlxalq məsuliyyət
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun iştirakçıları Prezident İlham Əliyevlə görüşdən və Laçına səfərdən böyük təəssüratla ayrılıblar
Artıq ADA Universitetində müxtəlif ölkələrdən olan tanınmış ekspertlərin iştirakı ilə qlobal mövzulara həsr edilən forumların keçirilməsi ənənə halını alıb. İldə iki dəfə ADA Universitetində siyasət forumuları təşkil edilir. Burada sonuncu forum 2023-cü ilin dekabrında baş tutmuşdur. Bu kimi forumlarda Prezident İlham Əliyev iştirak edir və tədbir iştirakçılarının suallarını cavablandırır. Növbəti olaraq aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirildi. Bu forumda 30 ölkədən 64 iştirakçı var idi. Forumu ADA Universitetinin rektoru Hafiz Paşayev açaraq bu tədbirin regional təhlükəsizlik, enerji keçidi və yaşıl artımla bağlı Azərbaycanın baxışının təqdim olunması, Qarabağda yaşıl və ekoloji cəhətdən təmiz zonaların yaradılması, Azərbaycanda külək və günəş enerjisi layihələri, Avropa İttifaqına qədər uzanan yaşıl enerji dəhlizlərinin gələcəyi və digər mövzular baxımından yanaşmasını təqdim etməklə qlobal siyasət müzakirələrinə öz töhfəsini verəcəyini vurğulayıb.
Sonra Prezident İlham Əliyev mövzu ətrafında çıxış edib və qonaqların çoxsaylı suallarını cavablayıb. Dövlətimizin başçısı deyib ki, Laçın Azərbaycanın ən füsunkar bölgələrindəndir və yaşıl gələcək haqqında danışırıqsa, görəcəksiniz ki, Laçın tamamilə yaşıldır: “Bu gün irimiqyaslı inkişaf gedir, Laçın şəhərinin və onun yaxınlığındakı bir kəndin yenidən qurulması sizə Qarabağın və Şərqi Zəngəzurun gələcəkdə tam bərpa edilmiş simasının şahidi olmaq imkanı verəcək. Ötən ilin may ayında mən 30 ildən sonra oraya qayıdan Laçın şəhərinin ilk sakinlərinə evlərinin açarlarını təqdim etdim. Hazırda isə növbəti sakinlər oraya qayıdırlar və doğma yurdlarına geri qayıtmaq arzusunda olan məcburi köçkünlərin faiz nisbəti gözlədiyimizdən də artıqdır. Hətta oranı heç vaxt görməyən gənc nəsil belə orada olmaqdan həzz alır. Bu, Azərbaycan xalqının öz köklərinə həqiqətən də nə qədər bağlı olduğunu nümayiş etdirir. Laçının azad edilməsi də bizim güclü siyasi iradəmizin göstəricisi idi. Laçının böyük hissəsi siyasi vasitələrlə azad edilib. Hazırda isə biz siyasi yolla davam edirik. Əminəm ki, biz bütün məqsədlərimizə siyasi vasitələrlə nail ola bilərik və məhz bunu nümayiş etdiririk”. Xatırladaq ki, budəfəki forum çərçivəsində Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və dəstəyi sayəsində aprelin 24-də iştiraşkılar Ermənistanın işğalından azad olunmuş Zəngilan şəhərinə gediblər, burada onlar Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olublar. Daha sonra onlar Laçın şəhərinə səfər ediblər. “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində elə həmin gün Laçında nüfuzlu ekspertin iştirakı ilə konfrans keçirilib. ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə keçirilən konfransda akademiklər, sabiq səfirlər və beynəlxalq beyin mərkəzlərinin nümayəndələri davamlı inkişaf və yaşıl enerji ilə bağlı təcrübələrini bölüşüblər. Laçında aparılan müzakirələrdə diqqət erməni işğalının nəticələrinin ətraf mühitə təsiri, o cümlədən çox ciddi mina problemi və bunun fəsadlarının aradan qaldırılması üçün beynəlxalq hüquq alətləri yönəldlib. Keçirilən tədbirlərdə qlobal qarşıdurma dönəmində regional inkişaf hadisələrinə daha da aydınlıq gətirilib.
COP29-la bağlı Bakıya səfər edəcək qonaqlar, eyni zamanda ölkəmizin füsunkar gözəllikləri ilə tanış olacaqlar. Cənab Prezidentin qeyd etidiyi kimi, Azərbaycan üçün COP29 çox böyük məsuliyyətdir. Amma “Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir”, - deyə dövlətimizin başçısı COP29-la bağlı Azərbaycanın əsas məqsədini açıqlayıb.
Qonaqlar Prezident İlham Əliyevlə görüşdən və Laçına səfərdən böyük təəssüratla ayrılıblar. Sevindirici haldır ki, onlar Azərbaycanın beynəlxalq arenada müsbət imicə malik olduğunu xüsusi vurğulayıblar. Onu da bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq forumda çıxışı zamanı söylədiyi fikirlər dünya mediasının diqqət mərkəzində olub. Prezident İlham Əliyevin çıxışına istinadla yayılan materiallarda Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərildiyi, Azərbaycanın Naxçıvanla əlaqəsinə Ermənistanın maneələr törətdiyi, Zəngəzur dəhlizi, Cənubi Qafqaz ölkələrinin potensialı, eləcə də COP29-un üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələr aparmaq üçün fürsət yaradacağı və gələcək əməkdaşlıq üçün yol açacağı və s. barədə fikirlər yer alıb.
COP29 tədbiri təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün faydalı olacaq. Azərbaycanın dünyaya deməyə sözü çoxdur. Bu baxımdan Azərbaycan bu ilin noyabr ayında keçiriləcək COP29 konfransında özü sözünü dünyaya çatdıracaq. Bu haqda cənab Prezident forumda “Biz həqiqəti söyləməliyik və hesab edirəm ki, ev sahibliyi etməyin üstünlüklərindən biri on minlərlə qonağın gəlməsi olacaqdır”, - deyə fikrini bildirib. Eyni zamanda Azərbaycan öz potensialını bütün dünyaya bir daha nümayiş etdirmiş olacaq.

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor
Tarix: 26-04-2024, 19:00
26.11.2024
18:47
COP29-un uğurları
11.11.2024
16:01
Qalibiyyət rəmzi
20.10.2024
22:16
Tarixi həqiqətlər
26.09.2024
10:53
Haqq döyüşü