Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib

Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib
1993-cü ildə yeni ictimai-iqtisadi formasiyaya keçidin çətinliklərini yaşayan Azərbaycanın hansı iqtisadi modelə üstünlük verəcəyi ilə bağlı çoxlu fikirlər, təkliflər irəli sürülurdü. Fəqət, xalqımızın Ümummilli Lideri Heydər Əliyev hansısa dövlətin təcrübəsinin olduğu kimi milli iqtisadiyyata köçürülməsini düzgün saymayaraq bu prosesdə milli resurslarla yanaşı, xalqın mentalitetini, tarixi ənənələrini, inkişaf yolunun özəlliklərini də ciddiliklə nəzərə almışdır.
Əminliklə demək olar ki, Azərbaycanın milli iqtisadi inkişaf modeli bir sıra cəhətlərinə görə başqalarına nəinki bənzəmir, həm də müəyyən üstünlükləri ilə fərqlənir. Bu modelin üstün tərəflərindən biri də onun sərbəst inkişaf nöqteyi nəzərindən ölkəmizdə daxili investisiyaların xarici sərmayə qoyuluşlarını üstələməsidir. Qeyd edək ki, bu istiqamətli qlobal layihələr dövlət büdcəsi hesabına reallaşdırılır. Azərbaycanın zəngin təbii sərvətlərə malik olması iqtisadiyyatın sərbəst inkişaf etmək imkanlarını təmin edir. Azərbaycanda da təbii sərvətlərin çoxluğu və müxtəlifliyi, respublikanın son dərəcə əlverişli coğrafi mövqeyi, əhalinin yüksək təbii artımı, məşğulluq siyasətinin səmərəli təmin edilməsi milli iqtisadiyyatın hərtərəfli inkişafını zəruri edir.
2024-cü il sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib. Prezident cənab İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş bu müşavirədə bildirib ki, ölkəmizdə iqtisadi inkişaf dinamikası gözlənilən səviyyədədir və mövcud artım templəri 2024-cü il üzrə iqtisadiyyatın uğurlu inkişafının təmin olunacağı proqnozunu verir. Cari ilin ötən dövründə, yəni yanvar-avqust aylarında ölkəmizdə 80,9 milyard manat həcmində ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çoxdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri-neft-qaz sektorunda isə 7 faiz artıb. Habelə, qeyri-neft sənayesində 7,8 faiz artım qeydə alınıb.
Ötən 8 ayın makroiqtisadi göstəriciləri təsdiqləyir ki, hazırda dünyada gedən proseslər və mürəkkəb qlobal mühit, xüsusilə də geosiyasi vəziyyətə nəzərən ölkəmizin əldə etdiyi iqtisadi göstəricilər dayanıqlı inkişafı təsdiqləyir. Eyni zamanda, beynəlxalq əmtəə bazarlarında dəyişkən qiymətlərə və dünya ölkələrində borc və büdcə kəsirinin artmasına baxmayaraq, ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi tam təmin olunmaqdadır. Hökumət əldə edilmiş müsbət nəticələrə əsaslanaraq qarşıdakı dövrdə iqtisadi inkişafı daha da sürətləndirməyi ön plana çəkmişdir.
Dövlət başçısı ölkəmizdə təmin edilmiş əlverişli investisiya mühiti şəraitində sərmayə qoyuluşlarının artırılması üçüm təşviqedici siyasətin davam etdiriləcəyini də xatırladıb. Xüsusilə də, xarici sərmayələrin cəlb olunması, o cümlədəm əsas prioritet sahə olan qeyri-neft sektoruna cəlb edilməsi üçün həyata keçirilən bir çox təşviq layihələrinin bu istiqamətdə mühüm rol oynayacağına əminliyini ifadə edib. Ölkəmizdə hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, dövlətin güclənməsi, ələlxüsus da ərazi bütövlüyü və suverenliyimizin tam bərpa edilməsindən sonra yaranmış münbit geoiqtisadi imkanlar xarici investorların bizə olan münasibətini daha da yaxşılaşdırıb. İnvestisiyaların adambaşına düşən həcminə görə qabaqcıl ölkələr sırasında olan Azərbaycanda indi tamamilə yeni mühit yaranıb və xarici investorların hökumətə ünvanlanan ciddi və müsbət siqnalları da bunu təsdiqləyir. Eyni zamanda, bu investisiya fəallığı və marağı ənənəvi sənaye məntəqələri olan Bakı və Sumqayıtdakı sənaye parkları ilə yanaşı, azad edilmiş ərazilərdə yeni yaradılan Ağdam və Cəbrayıl rayonlarındakı sənaye parklarının timsalında da özünü göstərməkdədir.
Ölkəmizin strateji iqtisadi hədəflərinin gerçəkləşməsində güclü maliyyə təminatı və bütün tədbirlərin əsas mənbəyi olan dövlət büdcəsinin yığım imkanları da böyüyür. Hazırda hökumətin iqtisadi komandası tərəfindən müzakirə olunan 2025-ci ilin dövlət büdcəsi və icmal büdcə layihələrinin müsbət göstəriciləri də potensialmızın artmasından xəbər verir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi büdcədə xərc prioriteti olaraq ilk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və digər layihələr dayanır. Həmçinin, sosialyönümlü və sosial infrastrukturla bağlı olan layihələr xərclərin əsas istiqamətlərini təşkil edəcək.
İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsul istehsalında xüsusi çəkisinin artması, sahibkarlara yüksək dövlət qayğısı, regionların proporsional inkişafı, aparılan səmərəli islahatlar və bu qəbildən olan digər amillər Azərbaycanda qazanılan uğurların miqyasının genişlənməsinə mühüm töhfələr verir. Bununla yanaşı, iqtisadiyyatda qabaqcıl texnologiyaların tətbiqi, yüksək ixtisaslı kadr hazırlığına yetirilən diqqət, enerji resurslarından digər sahələrin inkişafı üçün istifadə olunması Azərbaycanın qarşıdakı dövr ərzində də sosial-iqtisadi tərəqqidə yeni möhtəşəm nailiyyətlərə imza atacağından xəbər verir. Eyni zamanda bu, Azərbaycanın iqtisadi siyasətinin nə dərəcədə dövrün tələblərinə cavab verməsinin bariz göstəricisidir.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın sosial-iqtisadi sahədə nümayiş etdirdiyi dinamik inkişaf tempinə beynəlxalq maraq böyükdür. Dünyanın nüfuzlu beynəlxalq qurumlarının, araşdırma mərkəzlərinin, nəşrlərinin və ekspertlərinin ümumi rəyindən isə belə aydın olur ki, Azərbaycan bundan sonra da iqtisadi sferada sürətli inkişaf tempini qoruyub saxlayacaq.
Ölkəmizdə sosial təminatın güclənməsi məqsədilə dövlət büdcəsindən ayrılan xərclərin miqdarı artan xətt üzrə inkişaf edir. Bu, bir daha təsdiqləyir ki, ölkədə həyata keçirilən iqtisadi siyasətin mahiyyətində duran əsas məqam məhz xalqın sosial rifahının daha da yaxşılaşdırılması fonunda Azərbaycanın daha qüdrətli ölkəyə çevrilməsidir. Bu, əslində, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir.
Vilayət İsmayılov
İqtisad elmləri doktoru, professor
Tarix: 27-09-2024, 23:25
11.11.2024
16:01
Qalibiyyət rəmzi
20.10.2024
22:16
Tarixi həqiqətlər
26.09.2024
10:53
Haqq döyüşü
2.09.2024
09:52
Xalqın məsuliyyəti