Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir

Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir
Öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Məsələyə bu xüsusda yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalqı ona görə cənab prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdir və son 21 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalqı ona görə prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır.
Prezident cənab İlham Əliyev elə liderlərdəndir ki, hər bir situasiyada əsas olan məqamları məharətlə dinləyicilərə və maraq göstərənlərə izah edə bilir. Aktual olan məsələləri gündəmə gətirir, dərin təhlilini aparır və əsaslı proqnozlar verir.
1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini elan edəndən bu yana bütün ərazisində seçki keçirmək imkanına malik olmamışdı. Ermənistan havadarlarının ciddi yardımı ilə ölkə ərazisinin müəyyən hissəsini işğal etmişdi və geri çəkilmək fikrində deyildi. Bu təcavüzün zərərli nəticələrindən biri müstəqil Azərbaycanın tam ərazisində dövlətimizin seçki keçirməsi imkanının əldən alınmasından ibarət idi. Həmin dövrdə yaradılmış ATƏT-in Minsk Qrupu isə məhz bu kimi, beynəlxalq hüquqa uyğun olmayan təzadı aradan qaldırmaq əvəzinə, müxtəlif bəhanələrlə hüquqsuzluğun ömrünü uzatmaqla məşğul oldu. Yaradılan andan düz 30 ilə yaxın müddətdə həmin bədnam qrup və onun həmsədrləri tutduqları yanlış yoldan dönmədilər.
Lakin bu geosiyasi və hüquqi paradoks II Qarabağ savaşına qədər qaldı. Həmin müddətdə Azərbaycanın tam ərazisində seçki keçirmək imkanından məhrum edilməsinin beynəlxalq təşkilatlar tərəfindən hüquqi qiyməti verilmədi. Beynəlxalq təşkilatların işi ancaq separatçı ermənilərin və rəsmi İrəvanın işğal ərazisində təşkil etdikləri süni seçkini sözdə qınamaq olurdu. Onu tanımırdılar, lakin olmaması üçün də real addım atmırdılar. Bu da onu göstərirdi ki, beynəlxalq güclər gizli olaraq təcavüzkarı dəstəkləyir və məsələni ədalətli həll etmək fikrində deyillər.
Vətən savaşı hər şeyi tamamilə dəyişdi. Azərbaycan cəmi 44 günə “seçki paradoksu”nu aradan qaldırdı. Bütün bunlara görə, Prezident cənab İlham Əliyevin parlamentdəki nitqində söylədiyi aşağıdakı fikirlər tarixi təsdiqedici əhəmiyyət kəsb edir: “İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dün­yaya öz əyilməz ruhunu göstərmişdir”.
Birincisi, 2024-cü il Azərbaycan tarixində iki mühüm məqama görə qalacaqdır: Prezident və parlament seçkiləri qısa ara ilə ardıcıl keçirilmişdir.
İkincisi, müasir müstəqillik tariximizdə ilk dəfə olaraq ölkənin bütün ərazisində keçirilmişdir. Bu iki məqam birgə 2024-cü ilin dövlətçilik tariximizdə yeri və rolunu rəmzləşdirmişdir. Bu tarixi milli yaddaşın vacib elementinə çevirmişdir.
Müstəqil dövlət kimi Azərbaycan prezident və parlament seçkilərini tam ərazisində demokratik qaydada keçirməklə həm də müasir müstəqil dövlət obrazını dünyaya təqdim etmişdir. Azərbaycan dövlətçilik ənənəsində tarixən mövcud olan üç qanun (hüquq) növünün ikisini ardıcıl olaraq reallaşdırmışdır. Onlardan biri dövlət başçısının legitim seçilməsi ilə rəhbər miqyasında qanunların inklüzivliyi və legitimliyini təmin etməkdir. Digəri isə parlament seçkisinin legitim keçirilməsi ilə xalq təmsilçilərinin qəbul edəcəkləri qanunların inklüzivliyinə nail olmadır.
Sentyabrın 20-nin suverenlik günü kimi yaddaşlara həkk olunması statik olay deyildir. Prezident nitqində bunun üçün başlıca şərti də açıqlamışdır. Yəni suve­renlik gününün rəmzləşməsi arxayınçılıq üçün, yaddaşda belə bir tarixin varlığı ilə ancaq qürur duymaq üçün deyildir. Yəni “Biz bu şanlı tarixi qəlbimizdə əbədi yaşadacağıq. Azərbaycan xalqı, bütün gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər. Ancaq ölkə qarşısında duran vəzifələr icra edilməlidir ki, biz daim inkişafda olaq, öz gücümüzü artıraq və Azərbaycan xalqının bundan sonra da təh­lükəsiz həyatını təmin edək”.
Müstəqil Azərbaycanda bu prosesin getməsi əlamətdar hadisədir. Bu o deməkdir ki, Azərbaycanda müstəqil dövlət quruculuğu tam siyasi varislik prinsipi çərçivəsində davam edir. Ulu öndər Heydər Əliyev keçirdiyi görüşlərin birində bəyan etmişdi ki, Azərbaycan yalnız müstəqil dövlət kimi mövcud olacaq, heç kimin əsarəti altına düşməyəcək, kimsənin təsiri altında olmayacaq. Bütün bunlar tam suverenliyin əlamətləridir. Prezident cənab İlham Əliyev Suverenlik Günü təsis etməklə iki məqamı qabartmışdır.
Birincisi, Azərbaycan tam suverenliyini Vətən müharibəsi və antiterror tədbirlərində əldə edilən qalibiyyətlər sayəsində təmin etmişdir. Bu baxımdan suverenlik haqqında danışmaq Azərbaycanın təbii haqqı və hüququdur.
İkincisi, Azərbaycan dövləti tam suverenlik anlamını tarixi yaddaş elementinə çevirməklə bu istiqamətdə əbədi irəliləmək, yəni kimsənin əsarəti altına düşməmək iradəsini ortaya qoymuşdur.
Nəhayət, Prezident cənab İlham Əliyev bütün bunları 2024-cü ildə formalaşmış parlamentdə bəyan etməklə müstəqil dövlətçiliyin qanunyaradıcı ruhda inkişaf etdiriləcəyi əzmini nümayiş etdirmişdir. Azərbaycan parlamenti bundan sonra da dövlətçiliyə aid mühüm bəyanatların yeri, yaddaşı və qanunyaradıcı ruhu olacaqdır!

İman Abduyev – politoloq
Tarix: 27-09-2024, 11:15
11.11.2024
16:01
Qalibiyyət rəmzi
20.10.2024
22:16
Tarixi həqiqətlər
26.09.2024
10:53
Haqq döyüşü
2.09.2024
09:52
Xalqın məsuliyyəti