DFJD tərəfindən Qərbi Azərbaycan həqiqətləri xarici mediada təbliğ olunacaq
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi Azərbaycan həqiqətləri” layihəsinə start verilib. Layihənin məqsədi Qərbi Azərbaycan həqiqətləri ilə bağlı beynəlxalq aləmi məlumatlandırmaq, Ermənistanın etnik təmizləmə siyasətini ifşa etmək, dünya ictimaiyyətində Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdış prosesi haqqında düzgün fikir formalaşdırmaqdır. Həmçinin məqsəd əcnəbi jurnalist və QHT-lərlə tərəfdaşlığı gücləndirərək rəsmi İrəvanın bu kimi mövzularda Azərbaycanla bağlı yalan məlumatlarının qarşısını almaq, xaricdə media dayaqlarımızı gücləndirmək və diasporumuzu bu işə təşviq etməkdir.
3 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində Qərbi azərbaycanlıların soyqırıma, deportasiyalara məruz qalması, bu soydaşlarımızın hüquqlarının bərpa olunması, Qərbi Azərbaycanda tarixi-mədəni abidələrimizin dağıdılması və s. mövzularla bağlı ABŞ, Özbəkistan, Suriya, Pakistan, Malayziya, Misir, İordaniya, Polşa, Əcəzair, İraq, Mərakeş, Ukrayna və Küveyt mediasında məqalələr dərc olunacaq.
Tarix: 6-05-2024, 11:44