Yeni mərhələ...
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mehriban Vəliyevanın Sumqayıt şəhəri, 11-ci mikrorayon seçiciləri ilə görüşü keçirilib.
Görüşdə YAP Suqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deputatlığa namizəd Mehriban Vəliyeva haqqında seçicilərə məlumat verib: “Bu günümüzün reallıqları fonunda qürurla qeyd edirik ki, Azərbaycanın hər bir sahədə təcrübəsi nümunədir. Dünyaya təkmil inkişaf modelini təqdim edən Azərbaycanın qarşısında geniş imkanlar açılıb”.
Çıxış edən deputatlığa namizəd Mehriban Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin güclü siyasi iradəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub, üçrəngli dövlət bayrağımız bütün ərazilərimizdə ucaldılıb: “Hazırda ölkəmiz regionda iqtisadi inkişafına görə lider ölkə olmaqla yanaşı, sabitlik və təhlükəsizlik adası olaraq tanınır. Ölkəmizdə dövlətin və cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi prioritet olan hədəflərdəndir”.
Daha sonra deputatlığa namizəd M.Vəliyeva seçiciləri dinləyib, onların suallarını cavablandırıb.
Seçicilər isə öz növbəsində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Tarix: 22-08-2024, 08:01