Distant təhsil yeni və fərqli təhsil formasıdır

Distant təhsil yeni və fərqli təhsil formasıdır
Müəllim və tələbənin eyni məkanda olmadan təhsilalma sistemi Distant təhsil adlanır. Bu təhsil sisteminindən yararlanmağa inkişaf etmiş informasiya və telekommunikasiya texnologiyaları imkan verir. Məsafəli təhsil tələbə ilə müəllimin fiziki olaraq eyni bir mühitdə olmamasını təşkil edən texnologiyadır. Bu sistem təhsil texnologiyası tərəfindən araşdırılan bir fenomendir və bu sahədə təhsil elminə verdiyi ən böyük töhfədir. Bir çox insanlar yaşının çox olması, ailə öhdəlikləri, fiziki durumunun məhdud olması, işləmək məcburiyyətində olması və bir çox səbəblərdən təhsil ala bilmirlər. Distant təhsil belə insanlar üçün geniş imkanlar açır, eyni zamanda xarici ölkələrin ali təhsil ocaqlarında təhsil alma imkanı verir.

Distant təhsil informasiya texnologiyalarının geniş istifadəsinə əsaslanan tədris formasıdır. Burada həm də tədris materiallarının çatdırılması, bu materialların müstəqil mənimsənilməsi, təhsil alan və tədris edən arasında dialoq mübadiləsi və proseslərin zaman–məkan sərbəstliyi nəzərdə tutulur.

Distant təhsil interaktivliyi nəzərdə tutan spesifik internet texnologiyaları və digər ləvazimatlar vasitəsi ilə reallaşan müəllim və tələbə, eyni zamanda tələbələrin kontaktı, öz aralarında, böyük distansiyada baş verən və bütün dərs komponentlərini (məqsəd, təqdimat, metodlar, təşkilat formaları, tədris vasitələri və s.) özündə cəmləyən tədris formasıdır.

Distant təhsil müəllim və tələbənin müxtəlif fiziki məkanlarda olduğu zaman məsafədən idarə edilən tədris texnologiyasıdır. Əvvəllər distant təhsil qiyabi təhsil mənasını daşıyırdı. Lakin hal-hazırda bu təhsil metodikası Keys-, TV-, Şəbəkə- texnologiyalarından istifadə edir.

Distant təhsil tədris subyektlərinin (tələbə, müəllim və tütor) zaman və məkan uzlaşması olmadan telekommunikasiya texnologiyaları vasitəsi ilə həyata keçirilən təhsil prosesidir.

Bundan belə nəticə çıxarırıq ki, tədris ocaqlarının təhsilin alınmasının istənilən formasında tədris texnologiyalarından geniş istifadə etməyə haqları var. Distant tədris texnologiyaları dedikdə isə aşağıdakı texnologiyalar başa düşülür:

CD texnologiya - tələbələrə multimedia (disket, CD-ROM, DVD, fləşkart) daşıyıcılar üzərində dərs materiallarının verilməsi. Bu texnologiya, adətən, əyani dərs formaları (yekun mühazirələr, seminarlar, təcrübələr, məsləhət saatları və yoxlama işlər) ilə birgə tətbiq olunur.

Müəllim ilə qurulan əlaqənin bir qismi (konsultasiya-məsləhət), elektron kitabxana və verilənlər bazasından götürülən informasiya internet vasitəsi ilə həyata keçirilə bilər.

Şəbəkə texnologiyası ali məktəbin internet serverlərində yerləşdirilən electron dərsliklərin və öyrədən kompüter proqramlarının istifadəsi deməkdir. İnternet vasitəsi ilə müəllimlə bağlantı yaratmaq, cari və yekun testləri keçmək olar. Bəzi ali məktəblər həm də internetdə real zamanda mühazirə və seminarlar keçirirlər. İmtahanları isə tələbənin yaşadığı yerə ən yaxın yerləşən ali təhsil müəssisəsinin tədris mərkəzində təşkil edirlər. Şəbəkə təhsili həm fərdi (aftonom), həm də infrormasiya-təhsil mühitində yayımlanmaqla təşkil oluna bilər.

Televiziya-peyk texnologiyası təşkilinə görə şəbəkə texnologiyasına bənzəyir, lakin müəllimlə kontakt (mühazirələr, seminarlar) peyk-rabitə kanalları vasitəsi ilə reallaşdırılır. Göstərilmiş texnologiyalardan başqa, indi daha çox əyani və distant müddətlərini özündə cəmləyən «hybrid» model işlədilir. Yəni hibrid model dedikdə keys-texnologiyanın və əyani dərslərin qarışıq modeli başa düşülür. Lakin bizdən fərqli olaraq, xarici ölkələrdə (ABŞ və Avropa) distant təhsilə müstəqil bir tədris forması kimi baxılır, ona görə də distant təhsilin forma, texnologiya və ya ləvazimat olması sualı bizim üçün hələ də aktual olaraq qalır.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov bir neçə il öncə “Post-COVİD müddətində ali təhsil və tədqiqat” mövzusunda keçirilən vebinarda ali təhsilin gələcəyi ilə bağlı vacib məsələlərdən danışıb.

Rektor çıxışında ənənəvi ali təhsilin üzləşdiyi yeni problemlər və postpandemiya dövründə ali təhsilin əsas konturları barədə öz baxışlarını bölüşüb:
“Pandemiyadan əvvəl hamının qəbul etdiyi və pandemiya dövründə daha da güclənən bir tələb var: “Təhsil birmənalı dəyişməlidir”. Bu, ilk növbədə yeni texnologiyaların inkişafı, qloballaşma və rəqəmsallaşma ilə bağlıdır. Tələb olunan bilik və bacarıqlar sürətlə dəyişir, iqtisadiyyat rəqəmsallaşır, cəmiyyət rəqəmsallaşır, hətta dövlət idarəetməsi rəqəmsallaşır. Belə şəraitdə təhsil analoq təhsil olaraq qala bilər mi? Qala bilər. Lakin, bu zaman təhsil və iqtisadiyyat, təhsil və cəmiyyət və s. bir-birindən əlaqəsiz inkişaf edəcək ki, bu da təhsilin iflası olacaq. Yəni təhsil rəqəmsallaşmalı, distant təhsilin tətbiqi təmin edilməlidir. Yeni texnologiyaların bütün sahələrdə olduğu kimi, təhsildə də tətbiqi qaçılmazdır. Distant təhsilin tətbiq edilib-edilməməsi müzakirə predmentinə çevrilməməlidir. Distant təhsilin keyfiyyəti bizi düşündürməlidir”.

“Pandemiya dövründə tətbiq edilməyə başlayan distant təhsilin cəmiyyətdə bu təhsil haqqında mənfi rəy yaratdığını bildirən rektor, indi ən ciddi problemin cəmiyyətdə formalaşmış “Distanddırsa keyfiyyətsizdir” mövqeyi dəyişmək olduğunu deyib: “Bu gün distant təhsil kimi tətbiq edilən təhsili pandemiyadan qaynaqlanan böhranın həlli baxımından qaçılmaz bir addım kimi qəbul etdik. Bu, doğru idi. Bu həm də təhslilin davamlılığını təmin ediməsi baxımından alternativsiz yanaşma idi. Bu təhsilin tətbiqi zamanı müəllimin əməyi azalmadı, əksinə əhəmiyyətli dərəcədə artdı. Müəllimlərin, eləcə də təhsilalanların da psixoloji gərginliyi artdı. Müəllimlərin və tələbələrin qısa vaxt ərzində yeni texnoloji alət və vasitələrdən istifadə vərdişlərini formalaşdırması onlar üçün həm də əlavə gərginlik mənbəyi oldu.

Bu təhsil formasının guya ucuz olması da əsassız yanaşma idi. Distant dediyimiz təhsilə keçid həm də o demək idi ki, böhranla üz-üzə qalan ənənəvi təhsil öz funksiyasını yerinə yetirə bilmədi. Bu, həm də o demək idi ki, ənənəvi təhsil öz inkişaf potensialının tükəndiyini göstərdi. Bu böhran distant təhsilin böhranı deyil, əksinə, distant təhsil ənənəvi təhsilin üzləşdiyi və həll edə bilmədiyi problemi həlli yolu kimi tətbiq edilməyə başladı.

…Real vəziyyətin təhsil sahəsində təhlili göstərir ki, ənənəvi təhsil artıq öz funksiyasını yerinə yetirə bilmir. Ənənəvi təhsilin alternativi olan yeni təhsil isə hələ mümkün deyil. Bu, təhsil qarşısında duran ən ciddi və yeni problemlərdən ikincisidir. Müəllim ənənəvi təhsildə auditoriyaya dediyini kameraya deyirsə, bu, distant təhsilə çevrilirmir. Hesab edirik ki, bu, çox ciddi və yeni problemlərdən üçüncüsüdür”.

“Distant təhsil yeni və fərqli təhsil formasıdır, nə əyani, nə də qiyabi təhsildir. Ona görə də distant təhsili əyani təhsillə müqayisə etmək doğru deyil. Tam əminliklə demək olar ki, distant təhsilə xas olan keyfiyyətləri ənənəvi təhsildə axtarsaq, distant təhsillə müqayisədə dəfələrlə çox qüsurları ənənəvi təhsildə tapmaq olar.

…Biz üç nöqtə sıfır universitetdən danışırıq. Yəni təhsil, tədqiqatlar, sahibkarlıq fəaliyyəti, universitetlərin hədəflədiyi universitet modelidir. Distant təhsil təhsilin inkişafı baxımından əhəmiyyətli olsa da, universitetlərin inkişafı baxımından ciddi çağırışlar yaratdı. Distant təhsil ilk növbədə universitetlərdə elmi-tədqiqatların sanki arxa plana keçdiyini göstərdi. Düşünürük ki, distant təhsilə adekvat tədqiqat və sahibkarlıq universiteti modeli post pandemiya dövründə həllini gözləyən ən ciddi problemlərdən dördüncüsüdür”.

Heç şübhəsiz, cəmiyyətdə distant təhsil mədəniyyətinin formalaşdırılması da zəruri amillərdən biridir. Elm və Təhsil Nazirliyinin şagirdlər və tələbələr üçün təşkil etdiyi onlayn layihələr də göstərdi ki, xüsusilə bəzi valideynlər onlayn tədrisin mahiyyətini tam mənimsəyə bilmədiklərindən valideyn nəzarəti ilə valideyn məsuliyyətinin sərhədini düzgün müəyyənləşdirə bilmir, övladının tədris prosesinə yersiz müdaxilə edir, sualların cavablandırılmasına kömək edir, hətta bəzi dərsləri çəkərək sosial şəbəkələrdə paylaşırlar. Distant təhsil şagird və tələbələrə bir çox üstünlüklər versə də (dərslərə hazırlıq, sual-cavab reqlamenti, interaktivlik, materialın təqdim edilməsi, dərsləri yenidən izləmək imkanı və s.), eyni zamanda bu zaman sakit mühitin və sərbəstliyin olması zəruridir. Bu amili nəzərə alaraq Elm və Təhsil Nazirliyi tərəfindən distant təhsillə bağlı maarifləndirici videoçarxların hazırlanması və cəmiyyəti (valideynləri) tədricən bu prosesə hazırlaması məqsədəuyğundur.

Elnur

Yazı “Vətəndaş Hüquqularının Müdafiəzsinə Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Distant təhsil: Mahiyyəti və əhəmiyyəti” layihəsi çərçivəsində hazırlanıb
Tarix: 20-02-2024, 12:22