"Biz dünyaya demokratik ölkəmizin olduğunu nümayiş etdirəcəyik"

"Biz dünyaya demokratik ölkəmizin olduğunu nümayiş etdirəcəyik"
“Azərbaycanın Almaniyadadakı səfirliyi bu ölkədə yaşayan vətəndaşlarımızın seçki hüququnu təmin etmək üçün lazım olan bütün işləri həyata keçirir”. Bunu secki-2024.az saytına açıqlamasında Alman-Azərbaycan Mədəniyyət Evinin sədri Ağa Ağayev deyib.

O bildirib ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri elan olunduqdan sonra səfirliyin saytında səsvermə hüququ olan vətəndaşların seçicilər siyahısına daxil olması üçün xüsusi forma dərc edilib: “Vətəndaşlarımızın səfirliyin saytında qeydiyyatdan keçərək, həmin formanı doldurmaları təmin edilib. Azərbaycan Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, səfirlik tərəfindən seçici siyahıları hazırlanıb və Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Səfirliyimizin seçki ilə əlaqədar atdığı addımlar təqdirəlayiqdir".

Diaspor təmsilçisi bildirib ki, Almaniyada yaşayan vətəndaşlarımız Berlində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində yaradılmış seçki məntəqəsində səs verəcəklər: "Yanvarın 23-də Azərbaycanın Almaniyadakı səfirliyi bu haqda seçiciləri məlumatlandırıb. Vətəndaşlarımızın seçki məntəqəsində rahat gəlməsi üçün nəqliyyat vasitələri ayrılacaq. Bundan öncəki seçkilərdə Almaniyanın müxtəlif əyalətlərində yaşayan soydaşlarımızın Berlinə gəlməsi və səfirliyimizin binasında yaradılmış məntəqədə səs verməsi üçün xüsusi avtobuslar ayrılmışdı. Bu prosesdə diaspor təşkilatları da töhvə verdilər. Alman-Azərbaycan Mədəniyyət Evi olaraq bu seçkilərdə də soydaşlarımızın seçki məntəqəsinə rahat çatması və səs verməsi üçün dəstəyimizi təklif edəcəyik. Almaniyada yaşayan vətəndaşlarımız hər zaman seçkilərdə yüksək fəallıq nümayiş etdiriblər. Əminəm ki, 7 fevral seçkilərində də soydaşlarımız yaradılmış imkanlardan səmərəli istifadə edərək, eyni aktivliyi göstərəcək və növbəti müddətə Azərbaycan Respublikası Prezidentinin seçilməsinə töhfələrini verəcəklər”.

O vurğulayıb ki, ölkənin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsindən sonra keçiriləcək seçkilər çox önəmlidir: “Biz dünyaya demokratik ölkəmizin olduğunu nümayiş etdirəcəyik. Bu, bizim demokratik seçki zəfərimiz olacaq və tarixə düşəcək. Xaricdəki soydaşlarımız da qalib ölkənin vətəndaşı kimi səsvermə hüquqlarından böyük qürur hissi ilə istifadə edəcəklər”.
Tarix: 28-01-2024, 14:16