Xaçmazda “Biləndər” adlı intellektual turnir keçirilib

Xaçmazda “Biləndər” adlı intellektual turnir keçirilib
Azərbaycan Gənclər Fondunun maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Biləndər-zəkaların payız kuboku” layihəsi çərçivəsində Nə? Harada? Nə zaman? intellektual oyun formatı üzrə Xaçmaz rayonunda seçim turu keçirlib.

Rəsmi açılış mərasimində “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov, Xaçmaz rayon İcra Hakimiyyətinin əməkdaşı Tariyel Didarov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı Nizami Mustafayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun əməkdaşı İmran Müseyibov, Vətən müharibəsi iştirakçıları polkovnik-leytenant Əşrəf Rəhimov və mayor Paşa Ələsgərov iştirak edib.

Tədbirdə çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihə barədə danışaraq qeyd edib ki, layihə şimal regionuna daxil olan rayonlarda – Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən zonasında yaşayan və təhsil alan gəncləri intellektual oyunlara cəlb etməklə Azərbaycan dili, ədəbiyyatı, tarixi, adət-ənənələri, milli mədəniyyəti, incəsənəti, musiqisi, kinosu, coğrafiyası haqqında biliklərinin artmasına təkan vermək məqsədi daşıyır.

Layihə çərçivəsində qeyd edilən ərazilərdə seçim turları keçiriləcək və hər bir zonanın qalibi Quba şəhərində təşkil olunacaq final mərhələsində iştirak etmək hüququ qazanacaqdır.

Tədbirdə iştirak edən digər qonaqlar öz çıxışlarında gənclərin maariflənməsinə xidmət edən bu əhəmiyyətli layihənin Xaçmaz rayonunda da keçirilməsini təmin etdiklərinə görə təşkilatçılara təşəkkürünü bildiriblər.

Gənc nəslin ölkəmiz haqqında biliklərinin dərinləşməsində, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsində bu kimi intellektual oyunların böyük əhəmiyyət daşıdığını qeyd ediblər.

Rəsmi hissədən sonra start verilən yarışın yekununda Xaçmaz şəhər 6 nömrəli tam orta məktəbinin şagird və gənc müəllimlərdən ibarət “Turan” komandası qalib adını qazanıb. İkinci və üçüncü yerləri müvafiq olaraq Xaçmaz şəhər 1 nömrəli tam orta mətəbinin “Nömrə-1” və Xaçmaz şəhər 2 nömrəli tam orta məktəbinin “İntellekt” biliciləri tutub.

Qalib və mükafatçılar təşkilatçılar tərəfindən kubok, medal, diplom və kitablarla təltif ediliblər.

Qeyd edək ki, layihə çərçivəsində Qusar və Quba rayonlarında da seçim turları keçiriləcəkdir. Seçim turları başa çatdıqdan sonra Quba rayonunda final mərhələsinin oyunları təşkil olunacaqdır.
Xaçmazda “Biləndər” adlı intellektual turnir keçirilib
Xaçmazda “Biləndər” adlı intellektual turnir keçirilib
Tarix: 10-02-2024, 19:07