Ölkəmizdə distant təhsilin tətbiqi mümkündürmü?

Ölkəmizdə distant təhsilin tətbiqi mümkündürmü?Məsafəli təhsil (Distant) proqramı, təhsil müəssisələrinin, şagirdlərin tək başına təhsili reallaşdırmasına kömək etmək üçün müəyyən bir nizamda hazırladıqları dərs proqramı ilə həyata keçirilən işə verilən addır. Bu sistemdən istifadə etmək istəyən tələbələr faks, poçt və ya e-poçt kimi üsullarla şagirdlərə, ixtisaslı bir müəllim tərəfindən hazırlanan dərslə əlaqədar tapşırıq mövzuları verilir. Daha sonra tapşırıqlar və sınaqlarla bağlı qiymətləndirmələr edilir.

Distant təhsil proqramı tələbə ilə öyrədici qaynaqlar arasında əlaqə quraraq təhsili reallaşdıran bir sistemdir. Məsafəli təhsil proqramlarının hər hansı bir təhsil təşkilatına qeydli olmayan kəslərə də təhsil imkanı təmin edir. Məsafəli təhsil proqramının bir başqa istiqaməti də mövcud qaynaqlardan kifayət qədər faydalanması və inkişaf edən texnologiyanı yaxından təqib etmək məcburiyyətində olmasıdır.

Məsafəli təhsil uzaqda olan bir tələbə ilə birbaşa əlaqə qurularaq reallaşdırılan təhsildir. Məsafəli təhsil proqramı təhsil sahəsində ən ön planda yerini alan bir üsul ola biləcəyi kimi digər üsulları möhkəmlədən bir proqram olaraq da şərh olunur.

Peyk, video, audio qrafik, kompüter, multimedia texnologiyası kimi elektron vasitələrin köməyi ilə, təhsilin uzaqdakı şagirdlərə çatdırılır. Başlanğıcda təhsil proqramına möhkəmlətmə olaraq ortaya qoyulan məsafəli təhsil proqramı sonralar təhsil sahəsində çox rəğbət görən bir proqram oldu. İndiki vaxtda kolleclər, universitetlər, kiçik ya da böyük iş qrupları, təhsil agentləri, hərbi qüvvələr, dini təşkilatlar, sənaye təşkilatları, özəl sahibkarlar və digər sahələr Distant Təhsilə böyük önəm verirlər.

İşinizi boş buraxmadan, olduğunuz yerdən ayrılmadan və ya müəyyən bir gəlir itkisi olmadan müəyyən bir sahədə təhsil almaq istəyənlər üçün uzaqdan təhsil proqramı yaxşı bir fürsətdir. Məsafəli təhsil proqramında həm qazanır, həm də təhsilinizi tamamlayırsınız. Son illərdə telefon xəttinin, fərdi kompüterlərin, video vasitələrinin, CD-ROM və internet üzərindən həyata keçirilən online kursları istifadəsinin yayılmasıyla uzaqdan təhsil interaktiv, dinamik və olduqca canlı bir ölçü qazanmışdır.

Distant Təhsildə tapşırıqlar, testlər və əlavə materiallar tələbəyə elektron variantda internet vasitəsilə göndərilir, tələbə də bütün testləri, çalışmaları yerinə yetirərək fərdi qaydada öz biliklərini artırır. Proqramın tələblərindən asılı olaraq siz demək olar həm bütün programl elektron varitnatda götürə bilərsiniz və ya bir neçə dərsi. Deyək hər hansı universitetdə oxuyursunuz. Yayda həm istirahət etmək istəyirsiniz həm də müəyyən əlavə dərslər gtürmək istəyirsiniz. O zaman siz istənilən yerə gedib həm ailənizlə birlikdə ola və dərslərini distant sistem vasitəsi ilə həll edə bilərsiniz. Bu da sizə böyük imkanlar və rahatlıq verəcəkdir.

Nəticə olaraq bu təhsil sisteminin tələbələr üçün üstünlüklərini aşağıdakı kimi sıralamaq olar:

• Ölkəni tərk etmədən xarici universitetlərdə təhsil almaq imkanı
• Təhsilin sürətini tənzimləmədəki sərbəstlik
• Həm oxuyub, həm də işləmək imkanı
• İşdən sonra, asudə vaxtlarda və evdə oxuma imkanı
• Nəqliyyat xərclərinin azalması və ya tamamilə yoxluğu,
• Təhsil haqqını kreditlə ödəmə fürsəti
• Səyahətdə olarkən də təhsil almaq imkanı.

Pandemiya dövründə bir sıra sahələrdə olduğu kimi təhsil sektorunda də ciddi problemlər ortaya çıxdı. İl yarım müddətdə şagird və tələbələr onlayn rejimd təhsilə davam etdilər. Bu, özlüyündə distant təhsil məsələsinin nə qədər vacib olduğunu bir daha ortaya qoydu. Təhsil naziri Emin Əmrullayev də bildirib ki, bir çox ölkələrdə distant təhsil tətbiq olunur və diplomu da rəsmən tanınır. Ancaq ölkəmizdə təhsilin distant forması ilə bağlı şərtlər bir az fərqlidir. Təhsil naziri Azərbaycanda distant təhsil formasının tətbiqi istiqamətində işlər görüldüyünü və yaxın zamanlarda yeni sistemin işə salınacağını söyləyib.

Maraqlıdır, ölkəmizdə distant təhsilin tətbiqi mümkündürmü? Ümumiyyətlə, Azərbaycanda distant təhsil nə dərəcədə effektiv ola bilər? Distant təhsil alan şəxslərin diplomları tanınacaqmı?

Mövzu ilə bağlı danışan təhsil eksperti Nadir İsrafilov bildirib ki, distant təhsil ali məktəblər üçün çox vacib olan təhsil formasıdır: “Bu, Təhsil Haqqında Qanunda təhsilin formalarından biri kimi öz əksini tapıb. Lakin buna baxmayaraq pandemiyaya qədər Azərbaycanda sözügedən məsələyə lazımi diqqət yetirilməyib. Pandemiya şəraitində əyani təhsil arxa plana keçdi və distant təhsil aktuallıq qazandı. Təcrübə göstərdi ki, təhsildə yaranan fasilələrin qarşısının alınmasında distant təhsilin çox böyük əhəmiyyəti var. Distant təhsil olmasaydı, istər orta, istərsə də ali məktəblərdə il yarımdan çox müddətdə təhsildən təcrid olunacaqdıq. Ona görə də, indi yeni çağırışlara hazır olmalıyıq. Heç kim pandemiyanın başqa formada təzahür etməyəcəyinə zəmanət vermir. Ona görə də distant təhsil vacibdir. Distant təhsil orta məktəblər üçün xarakterik olmasa belə, orta ixtisas və ali məktəblər üçün çox vacib olan təhsil formasıdır”.

Ekspert diplomların tanınması ilə bağlı problemlərdən də danışıb: “Distant təhsillə tələbə kompüter qarşısında İngiltərədə, Fransada, Yaponiya kimi ölkələrdə rahatlıqla təhsil ala bilər. Vaxtilə təhsilin bu forması ilə bağlı xüsusi təlimatların hazırlanması haqda müzakirələr aparıldı. Bolonya təhsil sisteminin əsas şərtlərindən biri Avropada vahid təhsil məkanı yaratmaq və diplomların qarşılıqlı tanınmasıdır. Təəssüf ki, bu mexanizm işlək olmadı. Bizim diplomları bəzi ölkələr tanımır. Həmçinin Azərbaycan da bəzi ölkələrin diplomunu qəbul etmir. Distant təhsil alan şəxslərin də diplomunun bir müddət tanınmaması gündəmdədir. Çünki Bolonya təhsil sisteminin özündə ziddiyətli məqamlar var. Bəzi ölkələr hətta bu sistemdən çıxmaq istəyir. Ona görə də indi təkmilləşmə işləri aparılır. Diplomların tanınması və ya ikili diplomların verilməsi ilə bağlı universitetlər arasında müqavilələr imzalanır. Əvvələr Elm və Təhsil Nazirliyində diplomların tanınması ilə bağlı xüsusi idarə yaradılmışdı. Bu idarə yeni yarandığı vaxtda diplomların tanınması ilə bağlı minlərlə məhkəmə işi var idi. Lakin indi bu məsələ bir qədər təkmilləşib. Digər tərəfdən Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılıb. Agentlik belə məsələləri operativ qaydada həll edir”.

Elnur

Yazı “Vətəndaş Hüquqularının Müdafiəsinə Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Distant təhsil: Mahiyyəti və əhəmiyyəti” layihəsi çərçivəsində hazırlanıb
Tarix: 14-02-2024, 12:19