AQTA-nın Palma yağı ilə bağlı mübahisəli bəyanatına QHT sədrindən etiraz

AQTA-nın Palma yağı ilə bağlı mübahisəli bəyanatına QHT sədrindən etiraz
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi palma yağı satışı ilə bağlı gündəmə girən müzakirələrdən o qədər narahat olub ki, suallara aydınlıq gətirmək və şübhələri aradan qaldırmaq əvəzinə bu haqda danışanlara aqressiv münasibət sərgiləməyə üstünlük verib. Bu gün verdiyi bəyanatın adında belə bu əsassız aqressiya özünü biruzə verməkdədir. Agentliyin feysbuk səhifəsində paylaşılan məlumat belə adlanır: Bəzi “ekspertlər”lə bağlı bəyanat...

LİNK: https://www.facebook.com/share/p/ktsETGo4YSJasNus/?mibextid=oFDknk

Bəyanatın mətnini hazırlayan kimdirsə, sonda lap "gül vurub." Cümləyə baxın - "Agentlik həmin “ekspertlər”in əməllərinə hüquqi qiymət verilməsi üçün müvafiq olaraq hüquq-mühafizə orqanlarına müraciət edəcəkdir." 10 milyonluq əhalini konkret aldadaraq palma yağını müxtəlif başqa adlar altında qablaşdırıb-paketləyib marketlərə səpələyən şirkətləri soruşdurub sorğulamaq əvəzinə obyektiv məlumat əldə etmək istəyənlərə xox gəlməklə məsələni ört-basdır edəcəyinə ümid edənlər yanılırlar. Məsələ tam da millətin genofondu məsələsidir. AQTA yaxşı olardı ki, mənasız hədə-qorxu ritorikasını bir kənara qoyub ictimaiyyətə cavab versin görək, cənab Qoşqar Təhməzlinin barəsində açıqlama verdiyi palma yağı əgər gerçəkdən də təhlükəsiz, ziyansız və keyfiyyətli yağdırsa, niyə marketlərdə heç bir məhsulun etiketində hər kəsin oxuya biləcəyi formada əks olunmur? Sizin dırnaqarası hesab etdiyiniz qida mütəxəssislərini siz haçan bir yerə toplayıb bu kimi həssas məsələlərdə gərəkən açıqlamaları verdiniz ki? Xeyir ola Agentlik yağ istehsalı ilə məşğul olan özəl şirkətlərin "cangüdəni" kimi çıxış edir? 10 milyonluq xalqın şəxsi laboratoriyasımı var ki, qidalandığı yağları analiz edib nə yağı ilə qidalandığını bilsin? Bu qədər suallar və şübhələrin yaranmasının səbəbkarı kimdir, müzakirə açanlar yoxsa cavabdeh qurum olan AQTA??? Mən qida mütəxəssisi deyiləm, ancaq ailəmdən, övladlarımdan narahatam. Ölkədə hər keçən gün ürək-damar xəstəliklərinə tutulan və ölənlərin sayı artır. İçi mən qarışıq yüz minlərlə insan övladını evdə hansı yağla qidalandırdığını bilmirsə, sorğulayacaq, hələ o yana da keçəcək. Mənşəyi bəlli olmayan kolbasa-sosiska ilə bağlı AQTA-nın ciddiyə almadığı mütəxəssislər həyəcan təbili çalmasaydı, dönərxanalara ayaq tutub yeriyən və mal əti adıyla sırınan at ətini gündəmə gətirməsəydi, cəmiyyət hələ də aldadılmağa davam edəcəkdi. Bu ölkədə təəssüf ki kifayət qədər "Leş Tofiq"lər var. Ona görə də suallardan qorxmaq yox, ictimaiyyətə açıq olmaq lazımdır. Buyurun, mövzu əhalini narahat edən PALMA YAĞI-dır, cənablar. Xox gəlməyin başını buraxın.
Tarix: 23-04-2024, 08:41