Prezident Xankəndidə separatçıların bütün ümidlərinə od vurdu

Prezident Xankəndidə separatçıların bütün ümidlərinə od vurdu
"Prezident İlham Əliyev martın 18-də Xankəndidə Novruz tonqalını alovlandıraraq Azərbaycan xalqını bayram münasibətilə təbrik etdi. Dövlət başçısı təbrik çıxışında bildirdi ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə bayram tonqallarını yandırmaq böyük xoşbəxtlikdir".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. O, dövlət başçısının çıxışını xatırlatdı: "Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir".
Dövlətimizin başçısı bunu Azərbaycan xalqının böyük qələbəsi kimi qiymətləndirərək vurğuladı ki, biz 2020-ci ildə torpaqlarımızı işğaldan azad etdik, amma həmin dövrə qədər Azərbaycana müxtəlif dairələrdən siqnallar göndərilirdi ki, münaqişənin hərbi yolla həlli yoxdur. Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, əgər münaqişənin dinc həlli həyata keçirilmirsə, onda torpaqlarını hərbi yolla işğaldan azad edə bilər.
E.Mirbəşiroğlu qeyd edib ki, Azərbaycan hər zaman keçmiş münaqişə vəziyyətinin dinc vasitələrlə aradan qaldırılmasının tərəfdarı olub, danışıqlar prosesində səmimiyyətlə iştirak edib. Hər zaman dünyaya çağırış edib ki, Ermənistana təzyiq göstərilsin ki, o Azərbaycan torpaqlarından çıxsın. Lakin bəlli dairələrin davranışları aydın göstərirdi ki, onlar keçmiş status-kvo vəziyyətinin qalmasında maraqlıdırlar və Ermənistana zaman qazandırmağa çalışırlar. ATƏT-in Minsk qrupu münaqişənin tənzimlənməsi ilə deyil, idarə olunması ilə məşğul olurdu, bu da Azərbaycan torpaqlarının gələcəkdə hüquqi mənsubiyyətini dəyişdirmək üçün Ermənistana imkan yaratmaq idi. Azərbaycan bütün bunların qarşısını sərt şəkildə alaraq öz gücünü göstərdi.
Prezident İlham Əliyev çıxışında məhz bu məqamlara işarə etdi. "Eyni zamanda vurğuladı ki, antiterror tədbirlərinin keçirilməsinə ehtiyac qalmayacaqdı. Ermənistanın Azərbaycan ərazisindən silahlı qüvvələrini geri çəkməsi, separatçıların silahlarını yerə qoyması və beynəlxalq dairələrə onlara təzyiq etmələri üçün yenə çağırış etdik. Ölkə rəhbəri bunları xatırlatmaqla bir daha göstərdi ki, 2020-ci ilə qədər baş verənlərlə 2023-cü ilin sentyabrına qədər cərəyan edən proseslər arasında bir oxşarlıq mövcud idi. Yəni hər iki halda Azərbaycan çağırış edirdi, məsələni dinc vasitələrlə həll etməyə çağırırdı, lakin ölkəmizin çağırışlarına düzgün reaksiya verilmirdi. Belə olan halda Azərbaycan güc tətbiq edərək təhlükəsizliyinə mövcud təhdidləri aradan qaldırmalı oldu", - deyə o əlavə edib.
Deputat bildirib ki, Prezident İlham Əliyev bu gün Azərbaycanın haqlı mövqeyinin dünya birliyi tərəfindən qəbul olunduğunu vurğulayıb. Yəni Azərbaycanın dostlarının, əməkdaşlıq edənlərin sayı çoxdur, əməkdaşlıq etmək istəyənlərin də sayı durmadan artır. Bütün bunlar Azərbaycanın haqlı olduğunu göstərir.
O qeyd edib ki, Azərbaycan bu gün formalaşdırdığı yeni geosiyasi reallıqlar şəraitində güc mövqeyində inamla dayanır: "Azərbaycanın beynəlxalq nüfuzu, təsiri, rolu durmadan artır. Dövlət başçısı xüsusilə vurğuladı ki, Xankəndidə binalar sovet dövründə azərbaycanlı memarlar tərəfindən öz vəsaitimiz hesabına inşa olunub. Yəni orada erməni izi heç vaxt mövcud olmayıb. Separatçılar Xankəndinin görkəmini dəyişdirməyə, erməniləşdirməyə çalışıblar. Amma indi ermənilərin şəhərin simasının dəyişdirilməsi istiqamətində yaratdıqları elementlər tam aradan qaldırılır. Azərbaycan ərazilərində separatizmin əlamətləri bir daha olmayacaq. Bundan sonra işğaldan azad olunmuş ərazilərimiz davamlı, sürətlə inkişaf edəcək, effektli məskunlaşma həyata keçiriləcək.".
Prezident İlham Əliyev Xankəndidə bayram tonqalını yandırmaqla təcavüzkar, işğalçı Ermənistanın, xüsusi olaraq separatçıların bütün ümidlərinə od vurdu.
Tarix: 29-03-2024, 23:03