Böyük siyasətə qayıdış dövrü

Böyük siyasətə qayıdış dövrü
“Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm” - Ulu Öndər Heydər Əliyev
1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə Sədr seçilməsi böyük hadisə oldu. Bu seçimlə Ulu Öndər ilk növbədə, fəal və peşəkar fəaliyyəti ilə nəinki muxtar respublikada, həmçinin bütün Azərbaycanda milli dövlətçiliyə inam hissini formalaşdıra bildi. Ümummilli lider eyni zamanda, bölgənin erməni təcavüzündən müdafiəsi ilə bilavasitə məşğul olmağa başladı, bu məsələ onun əsas fəaliyyət istiqamətinə çevrildi. Böyük dövlət xadiminin ilk gündən başlayaraq atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi.
İqtisadi blokada şəraitində yaşayan Naxçıvanın düşmən qarşısında duruş gətirməklə bərabər, həm də iqtisadi problemlərin həllinə ciddi diqqət yetirib yeni həyat quruculuğuna başlamasında da Heydər Əliyevin önəmli rolu oldu. Naxçıvan MR-də dövlət müstəqilliyinin bərpası istiqamətində tədbirlər təkcə siyasi müstəvidə getmir, yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatının tələblərinə uyğunlaşan iqtisadi model formalaşırdı.
Ali Məclisin 16 dekabr 1991-ci il tarixli sessiyasında isə "Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında" qərar qəbul olundu. Ali Məclisin Sədri Heydər Əliyev müzakirələrə yekun vurarkən geniş nitq söylədi və məsələnin siyasi əhəmiyyətinə xüsusi önəm verdi: "Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında" məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında müzakirə olunması, böyük əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə deyirik ki, bu, Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür".
Naxçıvanın o ağır dövrdə Heydər Əliyevin nüfuzu sayəsində qurduğu beynəlxalq əlaqələri muxtar respublikanın mövcudluğu üçün bəlkə də yeganə vasitə idi. Türkiyə ilə əlaqələrin inkişafında 1992-ci il mayın 28-də açılan Sədərək-Dilucu körpüsü mühüm rol oynadı. Körpünün açılış mərasimində çıxış edən Heydər Əliyev demişdir: "Biz azərbaycanlılar, türklər əsrlər boyu Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışıq. Ancaq 70 il bir-birimizlə görüşmək üçün, əlaqə saxlamaq üçün həsrət çəkmişik. 70 il biz bu görüşü həsrətlə gözləmişik". Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəl isə cavabında "Bu gün burada cərəyan edən hadisə tək bir körpünün açılışı deyildir. Cərəyan edən əsas hadisə 70 il bir-biri ilə qürbətdə, həsrətdə qalmış qardaşlarımızın yenidən görüşməsidir. Bu, bir birlik, milli coşqunluqdur..." söyləmişdir.
Ümumiyyətlə, Heydər Əliyev siyasi fəaliyyətinin bütün dövrlərində muxtar respublikanın hərtərəfli inkişafına xüsusi qayğı göstərmişdir. Bu amil torpaqlarımıza zaman-zaman göz dikən erməni millətçilərinin məkrli planlarının və niyyətlərinin puç olmasında önəmli rol oynamışdır. Həmin illər ulu öndər demişdir: "Mən son vaxtlar Naxçıvanın inkişafı ilə əlaqədar bəzi tədbirlər həyata keçirmək barədə qərarlar vermişəm. Bunlar lazımdır. Nə üçün? Çünki Naxçıvanın vəziyyəti, onun coğrafi vəziyyəti və Naxçıvana qarşı ermənilərin daimi ərazi iddiası Naxçıvanı xüsusi inkişaf etdirmək məsələsini qarşımıza qoyur. Naxçıvan Azərbaycanın ən qədim torpaqlarından biridir. Naxçıvanda Azərbaycanın milli mədəniyyətini, memarlığını, rəssamlığını nümayiş etdirən abidələr vardır. Biz Azərbaycanın xüsusi ağır şəraitdə olan bir hissəsini gərək o qədər inkişaf etdirək ki, oradakı problemlər insanları narahat etməsin. Həmin insanlar orada daim yaşasınlar. Azərbaycan torpağını qorusunlar, saxlasınlar. Bax, bunlara görə bu qərarlar qəbul olunmuşdur".
Prezident cənab İlham Əliyev də Naxçıvana səfərləri çərçivəsində keçirdiyi görüşlərin birində bu amilə xüsusi fikir vermişdir: "Xalqımızın ümummilli lideri Heydər Əliyev Naxçıvana çox diqqətlə yanaşırdı. Ona görə yox ki, burada anadan olmuşdu, bura onun vətəni idi. Ona görə ki, siyasi xadim kimi Naxçıvanın Azərbaycan üçün əhəmiyyətini çox gözəl başa düşürdü".
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Başqa sözlə, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir.
Ümumiyyətlə, Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Sirr deyil ki, 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə keçmiş İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi və idarəetmə potensialı aşağı olan respublikalarda çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Eyni zamanda, həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Ulu öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.
Həmin dövrə nəzər saldıqda bu mərhələnin milli dövlətçilik ənənələrinin bərpası baxımından da xüsusi əhəmiyyətə malik olduğu görünür. Belə ki, bu istiqamətdə Muxtar Respublikanın dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti uğurla həyata keçirildi. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı.
Ulu öndər Heydər Əliyev həmçinin milli ideoloji məsələləri önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər gördü və tarixi qərarlar qəbul etdi. İlk növbədə, 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında Qərar qəbul edildi. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları əks olunmuşdu. Bununla yanaşı, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə də tarixi qərar qəbul olundu.
Bütün bunlarla yanaşı, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü, eyni zamanda, aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi.
Digər tərəfdən, blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Xüsusilə də Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan rəsmi təmaslar sıxlaşdırıldı. 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması bu baxımdan müstəsna əhəmiyyətə malikdir.
Beləliklə, Ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.
Akif RƏFİYEV
Qarabağ müharibəsi veteranı, Ədliyyə general-mayoru, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi rayon Ağsaqqallar Şurasının sədri
Tarix: 3-09-2024, 14:04
11.11.2024
16:01
Qalibiyyət rəmzi
20.10.2024
22:16
Tarixi həqiqətlər
26.09.2024
10:53
Haqq döyüşü
2.09.2024
09:52
Xalqın məsuliyyəti