Gözəl insan, vətənpərvər ziyalı Dilşad Əhədovanı siz də tanıyın

Gözəl insan, vətənpərvər ziyalı Dilşad Əhədovanı siz də tanıyın
Giriş

Ömür o vaxt qiymətli və dəyərli olur ki, o mənalı yaşanır. Həmin ömür insanlığa xidmətə yönəldilir, bəşəriyyətə, ailəyə, cəmiyyətə xidmət edir. Belə bir ömür yaşayan gözəl insanlardan biri də Adalia Media Agentliyinin təsisçisi və  direktoru Dilşad Əhədovadır.



Həyatı



İnsan özünün mahiyyətindən doğan yüksək mənəvi keyfiyyətləri və nəcib əməlləri sayəsində ucalır. Dahilərdən biri həyatın bir imtahan, sınaq olduğunu demişdir. Bu imtahandan yalnız güclü iradəyə malik olan, məqsədyönlü, ali bəşəri ideyalara inanan insanlar uğurla çıxırlar.

Dilşad Meyxoş qızı Əhədova  17 iyun 1983 –cü ildə Sabirabad rayonunda ziyalı ailəsində anadan olub. Bakı şəhəri 96 saylı məktəbi 2000 – ci ildə bitirib. Azərbaycan Dillər Universitetinin Dilşünaslıq – Tərcümə (ingilis dili üzrə) fakültəsində təhsil (2000 – 2004) alıb.



Əmək fəaliyyəti



Bu yaşamaq çox çətin və məsuliyyətlidir. Çünki biz getdikcə başqa bir cəmiyyətə yollanırıq, insanların şüuru, dünyagörüşü tam dəyişir, elmdə, istehsalatda, cəmiyyətdə tərəqqi baş verir. Belə bir prosesdə bu insanlığı saxlamaq, bu insani meyarları dərk etmək, insanlara örnək olmaq böyük ustalıq, böyük bacarıq tələb edir. Dilşad Əhədova əsl insan ömrü yaşayır, əsl vətəndaşdır. Gənc olsa da onun əmək fəaliyyəti çox geniş və əhatəlidir.

Dilşad Əhədova “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyində  ( əvvəlki Qaçqın və Məcburi Köçkünlərə Yardım İctimai Birliyi) könüllülük fəaliyyəti ilə məşğul (2001-2003)olub. Sabirabad rayonunda yerləşən Qaçqın şəhərciyində yay məktəblərində ingilis dili müəlliməsi kimi könüllü çalışıb.

“Türk Dünyası” qəzetində xüsusi müxbir kimi fəaliyyət göstərib, Azərbaycan Dövlət Televiziya və Radio Yayımları ASC – də təcrübə (2003 – 2004) keçib.

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində  və Azərbaycan Respublikası Parlament Seçkilərinə - Exit Poll-da tərcüməçi kimi (2005)çalışıb.

 “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyində  ( əvvəlki Qaçqın və Məcburi Köçkünlərə Yardım İctimai Birliyi) proqram koordinatoru vəzifəsində (2005-2006), “Türk Dünyası” qəzetində redaktor vəzifəsində(2006-2008) çalışıb. 2008 – ci il oktyabr ayında  Müasir Təhsil və Tədrisə Yardım Mərkəzində ofis köməkçisi kimi işə başlayıb. Müasir Təhsil və Tədrisə Yardım Mərkəzində “Tənqidi Təfəkkür” layihəsinin koordinatoru kimi işini davam (2008- 2009) etdirib. İnternet TV- də PR menecer vəzifəsində (2011-2013)çalışıb.

2013 – cü ildə Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzini yaradıb. Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi valideynlər və uşaqlar, onların ünsiyyətinin təkminləşməsi, sosiallaşması, ətrafının genişlənməsi, biliklərinin paylanması və müxtəlif təklifləri dəyərləndirməyə xidmət göstərir.

2014 – cü ildə “Dəcəl Balam” ailə və uşaq jurnalını təsis edib. Ayda 1 dəfə olmaqla  nəşr olunub. 2017- ci ildə iki uşaq filminin “Big Bubble Əməliyyatı” və “ Qış Tətili” filmlərinin tərəfdaşı olub. Filmdə rol alan uşaqlar Dəcəl Balam aktyorları olub.

2018 –ci ildə ATV kanalında efirə gedən “Dəcəl Balam” uşaq verilişinin layihə rəhbəri və aparıcısı olub. 2018- ci ildə “Dəcəl Balam” KİDS TV – youtube kanalını fəaliyyətə başladıb.

2019 – cu ildə “Dəcəl Balam” uşaq mahnı qrupunu yaradıb.İngilis, rus və türk dillərini bilir, 2000 ci ildən indiyə qədər 100 – dən çox yerli və 30-a yaxın beynəlxalq təlimlərin iştirakçısı olub.  2002- ci ildən indiyə kimi eyni zamanda müstəqil tərcüməçi kimi fəaliyyət göstərir.

2008- ci ildə Xorvatiyada Təhsil Siyasəti Şəbəkəsi Mərkəzinin təşkil etdiyi “ Kurrikulum siyasəti – Təhsilin Cəmiyyətə və əmək bazarına istiqamətləndirilməsi” mövzusunda yay məktəbinin məzunu olub. Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzində həyata keçirilən 100- dən çox şənlik və konsertlərin layihə rəhbəri(2013- 2019) olub.

2019 – cu il Türkiyə Cumhuriyyətinin 96- cı ildönümünə həsr olunmuş KadıKöy Halil Türkkan Orta məktəbində təşkil olunmuş festivalda Azərbaycanı “ Dəcəl Balam” komandası təmsil edib.



Ömürlüyündən sətrlər...



2020- ci ildən etibarən Adalia PR və Media şirkətini təsis edib və fəaliyyət göstərir. Hazırda işləri bu istiqamətdə davam edir. “ADALİA” beynəlxalq qadın jurnalının təsisçi və baş redaktorudur. KOBSKA ( Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası) da PR və Media Komitəsinin sədridir. 2023-cü ildən Lənkəran Futbol Klubunun vitse prezidentidir. 2023 – cü ildə dövlət xətti ilə Azərbaycanı Afrikanın Gambia ölkəsində layiqincə təmsil edib.

Fəaliyyəti dövründə 2 xəstəlikdən əziyyət çəkən uşaqların sağalması üçün xeyriyyə aksiyaları təşkil edib. Leykozdan əziyyət çəkən Xədicə bala və Nanizm xəstəliyindən əziyyət çəkən Murad balanın sağalmasına dəstək olub. Bundan əlavə bir neçə xəsətlikdən əziyyət çəkən uşaqlara yardım göstərilməsinə dəstək olub.

Fəaliyyəti dövründə yalnız tipik uşaqlar deyil talassemiyalı, hemofiliyalı, leykemiyalı, fiziki geriliyi olan, əqli geriliyi olan, autizmdən əziyyət çəkən, daun sindromlu uşaqlarla da birgə işləyib. Uşaq evləri və sığınacaqlarına komanda şəklində tez-tez ziyarət edirlər.

Bununla yanaşı fəaliyyəti dövründə 200- dən çox layihənin rəhbəridir.“Sahibkarlıqda Media” layihəsinin ideya müəllifi və rəhbəridir.“Ünsiyyət bacarıqları” mövzusunda təlimçidir.
Subaydır, bir övladı var.



Onunla söhbətimizdən...



-Məlumdur ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi siyasətin başlıca strategiyasında əsas məqsəd Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsidir. Bu sahədə nə kimi layihələr həyata keçirirsiniz?

-Hər bir dövlətin inkişafı bilavasitə onun iqtisadiyyatı ilə bağlıdır. İqtisadiyyatı nə qədər güclü olarsa, dövlətlər bir o qədər güclü olar. Sosial rifahın yüksəldilməsi iqtisadiyyatın digər sahələrinin, xüsusilə sahibkarlığın inkişafından keçir. Ölkə iqtisadiyyatında sahibkarlıq və onun subyektlərinin hüquqlarının qorunması, onların daha da geniş şəkildə iqtisadiyyatda təmsil olunması istiqamətində çox böyük işlər həyata keçirilir.
Respublikamızda yaradılan möhkəm hüquqi və real əsaslar insanların məşğulluq imkanlarının artmasına münbit zəmin formalaşdırıb. Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində məşğulluq siyasəti, işsizliyin aradan qaldırılması, əhalinin sosial rifahının inkişaf etdirilməsi hər zaman dövlət siyasətinin prioritet istiqamətini təşkil etmiş, hazırda bu siyasət onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək daim diqqətdə saxlanılır.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Eyni zamanda, respublikamızda ölkə vətəndaşlarının məşğulluq imkanlarının genişlənməsinə möhkəm hüquqi və real əsaslar yaradılmasına güclü siyasi iradə göstərilir, dövlət və özəl sektorda yeni iş yerlərinin açılması hərtərəfli şəkildə təşviq edilir.
Yeni iqtisadi şəraitdə Prezident İlham Əliyevin islahatların ardıcıllığının təmin edilməsi məqsədilə imzaladığı ayrı-ayrı sənədlər respublikamızda insanların əmək bazarına inteqrasiyasına möhkəm hüquqi əsaslar yaradır.

İşlə təmin olunma layihələrimizdə şəhid və qazi ailələri, həmçinin müharibə iştirakçılarının daha yaxından cəlb olunmasına yardım etmək, çoxuşaqlı ailələrin valideynlərinin işlə təmin edilməsinə dəstək, eyni zamanda məşğulluq proqramına cəlb etmək üçün işlərin görülməsini həyata keçirmək niyyətindəyik. Eyni zamanda beynəlxalq və yerli investorların Sabirabada cəlb olunması, sahibkarlığın və kənd təsərrüfatının inkişafı üçün layihələrin hazırlanmasını təmin etmişik.

-Bəs ölkəmizdə hazırda qadınlar üçün hansı iş perspektivləri var?

-Bu gün ölkəmizdə qadınların məşğulluğun təmin olunması, qadınların sahibkarlıq sahəsində fəallığının artırılması və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi istiqamətində uğurlu dövlət siyasəti həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sənədlər, qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına çox böyük dəstəkdir və ölkə başçısının xüsusi diqqət və qayğısı sayəsində qadınların bu prosesdə iştirakı günü-gündən güclənmişdir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının, xüsusilə qaçqın və məcburi köçkün qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir. Qadınlar ildən-ilə kiçik və orta sahibkarlıqda geniş təmsil olunmağa başlayıblar. Bu isə sosial-iqtisadi inkişafın o cümlədən, məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Xüsusilə qeyd etməliyik ki, qadınların öz bizneslərini yaratmaları, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları istiqamətində aparılan genişmiqyaslı işlər qadınlarımızın sahibkarlığa olan marağının artmasına təkan vermiş və stimul olmuşdur.

Qadınlar arasında sahibkarlığın inkişafı ilə bağlı layihələrimizdə bütün bunlardan geniş bəhs edilir. Bir sözlə, əgər biz sahibkarlıqda uğurlu qadın görmək istəyiriksə, ilk növbədə həmin qadının xoşbəxt olmasına çalışmalıyıq ki, ətrafı da onun kimi xoşbəxt və uğurlu olsun.

-Gənclərin asudə vaxtının səmərəli təşkili ilə bağlı bir sıra tədbirlər görülmüşdür. Sizcə, bunlar yetərlidirmi?

-Bununla bağlı bir sıra proqramlar həyata keçirilir. Onu da qeyd edim ki, gənclərin asudə vaxtı ilə bağlı məsələlər sovet dönəmində də dəbdə idi. Düzdür, o dövrdə indikindən fərqli olaraq formalizm halları çox idi. İndi isə məsələyə kompleks yanaşmanın olduğunu görürük. Yəni gənclərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, onların işlə təmin olunmasına da xüsusi önəm verilir. Bu sahədə müəyyən çatışmazlıqlar da var, amma mənə elə gəlir ki, bütün bunlar zamanla aradan qaldırılacaq. Məsələn, görürsən ki, hansısa rayonda idman obyekti təyinatı üzrə işləmir. Hesab edirəm ki, bu istiqamətdə nəzarət və diqqəti daha da artırmaq lazımdır. Çalışmaq lazımdır ki, gənclər ora cəlb olunsun.

Regionlarda  idmanın inkişafı, gənclərimizin sağlam ruhda böyüməsi üçün dövlət, özəl, o cümlədən iş adamları ilə fəal əməkdaşlıq sayəsində müxtəlif idman klubların yaradılması, həmin klublarda  aztəminatlı ailələrin üzvü olan idmanın müxtəlif sahələrində xüsusi fəallıq göstərən və fiziki baxımdan güclü uşaqların dövlət və ya özəl sektor hesabına məşqinin təmin edilməsi ümdə məsələdir.Dövlətin idmanın, xüsusilə də futbolun inkişafına ayırdığı diqqətdən yola çıxaraq bölgədə futbolun inkişafı, yerli futbol komandasının yaradılması , mərkəzi çempionatda oynaya biləcək səviyyəyə çatdırılması, bu məqsədlə Sabirabadda uşaq futbolunun inkişafına addımların atılması üçün müvafiq qurumlar qarşısında məsələ qaldırmaq niyyətindəyik. Gənclərin fəaliyyətini gücləndirmək, onların beynəlxalq arenaya çıxışını təmin etmək üçün müvafiq beynəlxalq və yerli qurumlarla əməkdaşlıq çərçivəsində Azərbaycan üzrə keçirilən layihələrdə regionların təmsil olunmasına dəstək göstərəcəyik.  

Ümumiyyətlə, son vaxtlar davamlı olaraq müxtəlif forumlarda iştirak edirik. Mən keçirilən forumların önəmli və vacib olduğunu düşünürəm. Belə tədbirlər iş adamlarının tanınması və gənclərimizin inkişafı baxımından xüsusi önəm daşıyır. Ən çox diqqəti cəlb edən məsələlərdən biri də bu işlərdə gənclərin fəal olmalarıdır.

-Gələcək işləriniz...

-QHT -lərlə birgə Sabirabad rayonunda müxtəlif istiqamətlərdə layihələrin həyata keçirililməsi, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi, Sabirabad Qadın Resurs Mərkəzi ilə birlikdə işlərin görülməsi,qadınların sahibkarlığa cəlb olunması istiqamətində müxtəlif maarifləndirici təlimlərin keçirilməsi, Sabirabad rayonunu tək Azərbaycanda deyil, beynəlxalq arenada layiqincə təmsil etmək üçün layihələrin hazırlanması gələcək planlarımıza daxildir.

Şirkətimizin adı “Adalia”dır. Bu, italyan dilində “uğur böcəyi” deməkdir. Biz bu “uğur böcəyinin qanadları ilə gələcəkdə bir çox uğur əldə etmək, əməkdaşlıq etdiyimiz şirkətlərlə çox uzaq ölkələrə “uçmağı” niyyət edirik.



Sonluq



...Azərbaycan cəmiyyətində, ölkəmizdə çox şeylər dəyişib. Lakin dəyişməyən şeylər də var. O da insanlıq, insana münasibətdir. Dilşad Əhədovada bunlar dəyişməyib. Onun mənəvi dünyası gündən-günə zənginləşir və orada müsbət çalarlar, keyfiyyətlər özünü büruzə verir.

...Sadəliyi, mehribanlığı ilə fərqlənən, işgüzarlığı, əməksevərliyi, təşəbbüskarlığı ilə başqalarından seçilən, böyük hörmət qazanan Dilşad Əhədova zəkasının qüdrəti ilə çoxsaylı insan cığırında öz izini nəqş etmişdir. Bu iz nəm qumsallıqda basılan iz deyildir. Bu sıldırım qayalıqda yağışın damla-damla oyduğu izə bərabərdir. Bu cığıra düşərək addımlayanlar böyük ideyalar və fikirlərlə silahlanaraq gələcəyə doğru can atırlar.

Can sağlığı, mənalı həyat arzusu ilə.



Elçin NƏSİB
Tarix: 1-09-2024, 17:34
2.09.2024
09:52
Xalqın məsuliyyəti
22.08.2024
08:01
Yeni mərhələ...