“AztraZeneca” Şirkətinə məxsus 84 min doza vaksin Azərbaycana göndəriləcək

“AztraZeneca” Şirkətinə məxsus 84 min doza vaksin Azərbaycana göndəriləcək
Martın 30-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin GAVİ (Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansı) təşkilatının Kommunikasiya üzrə baş meneceri Rozi Qrivs və UNICEF-in (BMT-nin Uşaq Fondu) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə onlayn formatda görüşü olub.
Azforum.az-ın məlumatına görə, agentlikdən bildirilib ki, görüşün məqsədi “AztraZeneca” Şirkətinə məxsus COVID-19 vaksin dərman vasitəsinin ölkəyə idxalı ilə bağlı məsələnin müzakirəsi olub. Rozi Qrivs bildirib ki, Azərbaycanda epidemioloji vəziyyət, koronavirus infeksiyası əleyhinə vaksinasiyaya başlayan ilk ölkələrdən biri olduğu və eyni zamanda ilkin mərhələdə vaksinin azlığını nəzərə alaraq Azərbaycanın vaksinlə təminatı aprel ayına nəzərdə tutulub.
Agentliyin İdarə Heyətinin sədri Z.Əliyev göstərilən arqumenti əsassız sayıb və COVAX-la razılaşmalarda bu məsələnin qeyd olunmadığını bildirib. Onun sözlərinə görə, Azərbaycan Respublikası COVAX platformasının “SARS-CoV-2” virusuna qarşı vaksinlərin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirən və bu əməkdaşlığa ilk qoşulan 50 ölkədən biri olub. Vaksinlərin dünya dövlətləri arasında ədalətli bölgüsü pandemiya ilə mübarizə sahəsində səmərəli əməkdaşlıq üçün vacib komponentdir: “Azərbaycan ilk gündən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun fəaliyyət göstərməklə yanaşı, COVID-19-la mübarizə çərçivəsində həyata keçirilən əməkdaşlıqlara öz töhfəsini vermiş, COVAX platforması ilə bağlı bütün öhdəlikləri yerinə yetirmişdir. Həmçinin Azərbaycanda vaksinasiya prosesi ilə əlaqədar tələb olunan bütün infrastruktur yaradılmışdır. Buna baxmayaraq, COVAX platforması vasitəsilə ölkəmizə COVID-19 vaksin dərman vasitələrinin gətirilməsində gecikmələr müşahidə olunur”.

Trend
Tarix: 30-03-2021, 20:02