"Avropa Parlamentinin mövqeyi regionda sülh və sabitliyin bərpasına ciddi zərbə vurur"

"Avropa Parlamentinin mövqeyi regionda sülh və sabitliyin bərpasına ciddi zərbə vurur"
Avropa Parlamentinin fevralın 28-də “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul etdiyi illik hesabatda Azərbaycan əlehinə qeyd olunan birtərəfli, beynəlxalq hüquqa və ədalətə uyğun olmayan qərəzli məqamlar qəti şəkildə qəbulolunmazdır. Avropa Parlamentinin bu cür qərəzli mövqeyi islamafobiyanın, azərbaycanafobiyanın bariz təzühürü olmaqla yanaşı, bu qurumun erməni lobbisinin və anti-Azərbaycan dairələrin əlində oyuncağa çevrildiyinin göstəricisidir.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini həzm edə bilməyən qüvvələr ölkəmizə qarşı qərəzli, beynəlxalq hüquq və ədalət anlayışlarından uzaq münasibətlərini get-gedə daha da artırır, bu yolla ölkəmizə təzyiq etməyə çalışırlar. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın kağız üzərində qalmış məlum 4 qətnaməsinin icrasını özü təmin etməklə dünyaya yeni reallıq, yeni şərtlər təqdim etmiş oldu. Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. 2020-ci il Vətən müharibəsindən və 2023-cü il antiterror əməliyyatından sonra Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi.
Millət vəkili qeyd edib ki, Avropa Parlamenti Cənubi Qafqazda baş verən proseslərə ikiüzlü, qərəzli mövqe nümayiş etdirməklə özünün destruktiv siyasətini ortaya qoyur. Eyni zamanda bu mövqe regionda sülh və sabitliyin bərpasına ciddi zərbə vurur. Qurumun təqdim etdiyi illik hesabatda Ermənistanın rəsmi bəyanatları ilə eynilik təşkil edən məqamların olması, Avropa Parlamentinin erməni lobbisinin əlində oyuncaq olduğunu açıq-aşkar nümayiş etdirir.
Avropa Parlamenti bilməlidir ki, daha öncə qəbul etdiyi qətnamələr kimi bu sənədin də Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Azərbaycan milli maraqlarından irəli gələn bütün məsələləri uğurla həyata keçirib və belədə davam edir. Avropa Parlamentinin ölkəmizə qarşı bu cür qərəzli mövqe ortaya qoymaqla Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycanı qarşısına aldığını açıqca nümayiş etdirir. Bütün bunlara baxmayaraq, nə qədər qərəzli, ikiüzlü, ədalətsiz hesabatlar, qətnamələr qəbul etsələr də, həqiqəti inkar etmək mümkün deyil. Həqiqət odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib və bunu heç bir qüvvə şübhə altına ala bilməz.
Tarix: 3-03-2024, 21:40