"30 milyon güneyli Azərbaycanın arxasındadır”-Əhməd Obalı

"30 milyon güneyli Azərbaycanın arxasındadır”-Əhməd Obalı
​​​​​​​Son günlər Qarabağ ətrafında oynalan oyunlar Güney Azərbaycan türklərinin, xarici ölkələrdə yaşayan soydaşlarımızın narahatlığına səbəb olub. Xüsusən bölgədə Rusiyanın son davranışları həssaslıqla izlənilir. Güney Azərbaycan Televiziyasının (Günaz.TV) sahibi Əhməd Obalı Güney Azərbaycan türklərinə etdiyi müraciətdə baş verənlərin narahatlıqla izlənildiyini bəyan edib:

Gunaz.tvQuote | Gunaz article
"Biz bilirik ki, Rusiya istəməsə ermənilər heç bir iş görə bilməz. Ona görə də biz güneylilər Azərbaycan dövlətinə sözümüzü deməliyik. Biz istəyirik ki, Rusiya bilsin ki, Cənubi Azərbaycanın fikri nədir. Bu gün Azərbaycan xalqı da, dövləti də bilməlidir ki, o tək deyil. Bu gün 30 milyon Güney Azərbaycan türkü Azərbaycanın tam arxasındadır”. Bunu dünya azərbaycanlılarına müraciətində Güney Azərbaycan Televiziyasının (Günaz.TV) sahibi Əhməd Obalı bildirib.


Əhməd Obalı deyib ki, heç kim Azərbaycanı özünü yalnız bilməməlidir: “Rusiya bilməsin ki, Azərbaycan xırda bir məmləkətdir. Azərbaycan çox böyük bir məmləkətdir. Onun 30 milyonu da cənubda olan bizlərik. Biz heç bir zaman icazə verməməliyik ki, düşmənlərimiz gəlib açıq aydın bizə düşmənçilik edələr. Bu gün Rusiyanı yerində oturtmasaq, gəlib olanı da əlimizdən alar. Güney Azərbaycanlı, sənin vətəninin erməninin əlindən qurtarandan sonra bu dəfə Rusiya almaq istəyir.



Rusiya bilməlidir ki, Güney Azərbaycan bu mövzuda nə düşünür. Biz Rusiyanı Azərbaycanda görmək istəmirik. Cəhənnəm olsun, getsin. Biz ayağa qalxmalı, Rusiya səfirliyinə məktub yazmalı, etirazlar etməliyik. Bildirməliyik ki, bu, qəbulolunmaz bir məsələdir. Mən öz torpağımda antiterror əməliyyatı aparmaq istəyirəm.



Sən kimsən mənə mane olasan?! Azərbaycan Respublikası 10 milyondur, amma Azərbaycan bütövlükdə 40 milyondur. Qoy bilsinlər ki, Azərbaycan türkləri Şimali Azərbaycanı tək qoymayacaq. 40 milyon Azərbaycan dəmir yumruq kimi Rusiyaya deyir ki, ya bizimlə dost olacaqsan, ya da dşümənçilikdən əl çəkməsən, biz sənə düşmən olacağıq”.



Qeyd edək ki, Güney Azərbaycandan canlı yayına qoşulan soydaşlarımız Əhməd Obalınin birlik və həmrəylik mesajlarına dəstək veriblər. Soydaşlarımız ermənilərə və Qarabağda oyunlar quran Rusiyaya ciddi xəbərdarlıq edib. Güney Azərbaycanın müxtəlif bölgələrindən verilişə qatılan soydaşlarımız Azərbaycanın haqlı davasının yanında olduqlarını bildiriblər.

Verilişə telefonla qatılan Güney Azərbaycan türkləri Qarabağın Azərbaycan torpağı olduğunu bəyan edib, hər zaman Azərbaycanın arxasında durmağa hazır olduqlarını bildiriblər.



Əhməd bəyin video-müraciətini təqdim edirik:
Tarix: 26-04-2021, 11:32